Aİ Ukraynaya 45 milyard avroluq kredit ayırmağı müzakirə edəcək – Dörd ölkə etiraz edir

DÜNYA
16:10 / 26.11.2026
39

Avropa İttifaqı liderləri noyabrın 26-da Ukraynanın maliyyələşdirilməsi və qurumun növbəti yeddiillik büdcəsi ilə bağlı müzakirələr aparacaqlar. Kiyevə 2027-ci il üçün 45 milyard avro həcmində kredit ayrılması təklifinə isə dörd üzv ölkə qarşı çıxır.

HİT.az xəbər verir ki, bu barədə “Reuters” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Slovakiya, Çexiya, Macarıstan və Bolqarıstan Ukraynaya kredit verilməsi üçün Aİ üzvlərinin hamısının maliyyə öhdəliyi götürməsini istəmir. Almaniya və bir sıra digər ölkələr isə ümumi qərarın bütün üzvlərin iştirakı ilə qəbul edilməsində israrlıdır.

Təklifə əsasən, Avropa İttifaqı 2027-ci ildə Kiyevə yardım göstərmək üçün 45 milyard avro borc cəlb etməyi planlaşdırır. Kreditin qaytarılması Rusiyanın Ukraynaya müharibə ilə bağlı təzminat ödəməsindən sonra nəzərdə tutulur. Etiraz edən dörd ölkənin Aİ büdcəsindən aldıqları vəsaitin ödədiklərindən çox olduğu bildirilir.

Ukraynanın maliyyə ehtiyacları

Aİ-nin 2028–2034-cü illəri əhatə edən növbəti büdcə layihəsində Ukraynaya 100 milyard avroyadək vəsait ayrılması nəzərdə tutulur. Bu məbləğin əsasən müdafiə xərclərinə və büdcə dəstəyinə yönəldilməsi planlaşdırılır. Bununla belə, diplomatlar ayrılması nəzərdə tutulan vəsaitin Ukraynanın bütün ehtiyaclarını qarşılamaq üçün kifayət etməyəcəyini bildirirlər.

Bundan başqa, 2027-ci ildə Aİ-yə üzv olmayan ölkələrin də Ukraynaya 25 milyard avro yardım göstərməsi gözlənilir. Böyük Britaniya, Norveç, Yaponiya, İsveçrə və Kanada bu dəstəkdə iştirak edəcək ölkələr sırasındadır. Beləliklə, nəzərdə tutulan 45 milyard avroluq Avropa krediti ilə birlikdə Kiyevin gələn il üçün 70 milyard avro maliyyə dəstəyi əldə etməsi planlaşdırılır.

Aİ-nin yeni büdcəsi də müzakirə olunacaq

Liderlərin gündəliyində 2028–2034-cü illər üzrə çoxillik büdcə də yer alır. Son təklifə əsasən, büdcənin ümumi həcmi 1,582 trilyon avro təşkil edə bilər. Bu məbləğin 140 milyard avrosu pandemiya dövrü ilə əlaqədar yaranmış borcların ödənilməsinə ayrılacaq.

Büdcədə ən böyük xərc istiqaməti fermerlərə dəstək və Aİ-nin daha yoxsul regionları arasındakı inkişaf fərqinin azaldılmasıdır. Bu məqsədlər üçün təxminən 740 milyard avro nəzərdə tutulur.

Yeddiillik büdcənin təsdiqlənməsi üçün Aİ-yə üzv 27 ölkənin hamısının razılığı tələb olunur. Liderlər razılaşmanı ilin sonunadək əldə etməyə çalışırlar. Gələn il bir sıra üzv ölkələrdə keçiriləcək seçkilərin danışıqları çətinləşdirə biləcəyi ehtimal olunur.

Samir
 

0