Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Rusiyanın enerji atəşkəsinə əməl etmədiyini və əksinə, hücumlarını gücləndirdiyini bildirib. O, Moskva ilə bağlı yeni sanksiyalar paketinin hazırlandığını və müharibə başa çatana qədər Rusiyaya qarşı məhdudiyyətlərin ləğv edilməyəcəyini vurğulayıb.
HİT.az xəbər verir ki, bu barədə “UNIAN” nəşri məlumat yayıb.
Fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə jurnalistlərə birgə açıqlaması zamanı ABŞ Prezidenti Donald Trampın enerji zərbələrinin dayandırılması təşəbbüsünü dəstəklədiklərini bildirib.
“Biz Rusiyanın bu təşəbbüsə bir dəqiqə belə əməl etmədiyini gördük. Əksinə, Rusiya təcavüzünü gücləndirdi. Buna görə də Moskva üzərində təzyiqi artırmalıyıq. Yeni sanksiyalar paketi üzərində işləyirik. Rusiya müharibəni dayandırana qədər heç bir sanksiyanı ləğv etməyəcəyik”, – Avropa Komissiyasının rəhbəri deyib.
Zelenski isə Ukraynanın müharibəni mümkün qədər tez başa çatdırmaq istədiyini, lakin Rusiyanın dialoqa hazır olduğuna dair heç bir əlamət göstərmədiyini bildirib. O, qarşıdan gələn qışa hazırlığın vacibliyini vurğulayaraq, bu çərçivədə enerji təminatı ilə yanaşı, hava hücumundan müdafiə sistemləri və maliyyə dəstəyinin də əhəmiyyət daşıdığını qeyd edib.
Ukrayna lideri Avropa İttifaqına göstərdiyi dəstəyə görə təşəkkür edib və bu dəstəyin davam edəcəyinə ümidvar olduğunu bildirib.
Xatırladaq ki, oktyabrın 12-də Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini qəbul edib. Məhdudiyyətlər Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli təxminən 1 600 nəfəri əhatə edib. Zelenski daha əvvəl Avropa sanksiyalarının Rusiyaya ciddi təsir göstərdiyini, lakin müharibəni dayandırmaq üçün təkbaşına kifayət etmədiyini bildirmişdi.
Samir


