Yay mövsümünün başlaması ilə insanların əksəriyyəti səyahətə çıxır.
Bəziləri istirahətini ölkə daxilində keçirməyə üstünlük verərək bölgələrdə dincəlirlər. Bəziləri isə tətillərini xarici ölkələrdə keçirməyi seçirlər. İnsanların bir hissəsi təbiət qoynunda kamp qurub sakitlik axtardığı halda, kimiləri də tarixi və mədəniyyəti ilə seçilən böyük şəhərlərə üz tuturlar.
Kimisi büdcəsinə qənaət etmək üçün aylar öncədən plan qurur, digərləri isə anidən qərar verərək macəra dolu yeni marşrutlara yollanır. Bəziləri yay tətilini dəniz sahilində günəşlənərək keçirməyi sevir, bəziləri isə sərin dağ havasında gəzintiyə çıxmağı üstün tutur.
Maraqlıdır, Azərbaycan vətəndaşları yay istirahətlərini haralarda keçirirlər?
Mövzu ilə bağlı turizm eksperti Rəhman Quliyev Hit.az-a açıqlama verib.
O bildirib ki, yay mövsümü Azərbaycan turizm bazarında ən aktiv dövrdür:
“Məktəblərin bağlanması, məzuniyyətlərin əsasən bu aylara təsadüf etməsi ailəvi səyahətlərin sayını artırır. Son illərin tendensiyası göstərir ki, vətəndaşlar həm ölkədaxili, həm də xarici istiqamətlərə maraq göstərirlər.
Ölkədaxili turizmdə ən çox üstünlük verilən istiqamətlər arasında Qəbələ, Quba, Qusar, Şahdağ, Şəki, İsmayıllı, Qax, Zaqatala, Lənkəran-Astara bölgəsi, Naftalan və Gəncə yer alır. Dəniz istirahətinə üstünlük verənlər isə Nabran, Xaçmaz, Siyəzən və Abşeron çimərliklərini seçirlər. Son illərdə Qarabağ bölgəsinə maraq da nəzərəçarpacaq dərəcədə artıb”.
Ekspert qeyd edib ki, xarici istiqamətlərdə isə lider mövqeyi ənənəvi olaraq Türkiyə qoruyur:
“Xüsusilə Antalya, Bodrum, Kemer, Belek, Marmaris və Fethiye ailəvi yay istirahəti üçün ən çox seçilən kurortlardır. Bunun əsas səbəbləri vizasız rejim, qısa uçuş müddəti, “all inclusive” otel konsepsiyası və geniş qiymət seçiminin olmasıdır. Türkiyədən sonra Gürcüstanın Batumi şəhəri, Misirin Şarm əl-Şeyx, Monteneqro, Yunanıstan və İtaliya kimi Avropa istiqamətləri daha çox maraq görür”.
Rəhman Quliyevin sözlərinə görə, son illərdə Albaniya və Monteneqroya marağın artmasının əsas səbəbi münasib qiymətlər və Adriatik sahillərində alternativ istirahət imkanlarının genişlənməsidir:
“Ümumilikdə, Azərbaycan turistinin seçimində əsas meyarlar qiymət, rahat uçuş, təhlükəsizlik, keyfiyyətli otel xidməti və ailəvi istirahət imkanlarıdır. Buna görə də həm ölkədaxili dağ və dəniz kurortları, həm də Türkiyə başda olmaqla yaxın xarici istiqamətlər yay mövsümündə ən yüksək tələbatı qoruyur”.
Pərviz


