Avtomobil hansı hallarda cərimə meydançasına aparıla bilər?
Azərbaycanda yol hərəkəti qaydalarını pozan sürücülərin ən çox qarşılaşdığı problemlərdən biri də nəqliyyat vasitəsinin mühafizə olunan duracağa, xalq arasında "cərimə meydançası" kimi tanınan yerə aparılmasıdır. Bu proses bir çox hallarda sürücülər və yol polisi əməkdaşları arasında mübahisələrə səbəb olur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Əlövsət Allahverdiyev qanunvericiliyin tələblərini və avtomobilin duracağa çəkilməsinin əsas səbəblərini təfərrüatları ilə izah edib. Vəkil Əlövsət Allahverdiyev bildirib ki, avtomobilin cərimə meydançasına aparılmasının ən geniş yayılmış səbəblərindən biri parklanma qaydalarının pozulmasıdır.
Ekspert vurğulayıb ki, əgər nəqliyyat vasitəsi yol hərəkəti və ya piyadaların keçidi üçün ciddi maneə yaradırsa və bu zaman sürücü avtomobilin yanında deyilsə, həmin maşın təxliyə (evakuasiya) edilərək duracağa aparılmalıdır. Sürücü yerində olduqda isə avtomobil duracağa aparıla bilməz, sadəcə inzibati cərimə tətbiq edilir.
Vəkil xüsusi olaraq diqqətə çatdırıb ki, qanunvericilikdə nəqliyyat vasitəsinin saxlanılmasını şərtləndirən konkret maddələr mövcuddur. Ə.Allahverdiyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulan ağır qayda pozuntuları zamanı avtomobilin duracağa yerləşdirilməsi qaçınılmazdır:
-Sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və ya etibarnamə (lazım olan hallarda) olmadıqda;
-Sürücünün spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələrin təsiri altında olduğu aşkar edildikdə;
-Məcəllənin 346-cı maddəsinə uyğun olaraq, qadağan olunmuş yerlərdə, xüsusilə də tunellərdə, körpülərdə və ya ikinci cərgədə park edən avtomobillər.
Vəkil həmçinin əlavə edib ki, sürücünün ödənilməmiş cərimələrinin olması da ciddi bir əsasdır. Ekspert vurğulayıb ki, barəsində inzibati xəta haqqında qərar olan, lakin qanuni müddət ərzində cəriməsini ödəməyən sürücülərin avtomobilləri "saxlanılma" statusuna düşür.
Eyni zamanda, əgər xəta ilə bağlı qərar və ya digər hüquqi sənədlər sürücünün ünvanına çatdırıla bilmirsə və ya sürücü onlardan boyun qaçırırsa, bu halda da nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması hüquqi zərurət kimi qarşıya çıxır.



