İki günlük elektromobil şarjı sürücüyə 2000 avroya başa gəldi - Səbəb gözlənilməz oldu

AVTO
22:14 / 22.09.2026
51

Avstriyada elektromobil sahibi avtomobilini Qrats hava limanındakı şarj məntəqəsində iki gün saxladıqdan sonra gözləmədiyi hesabla qarşılaşıb. Sürücüyə 2000 avro məbləğində ödəniş təqdim edilib.

HİT.az xəbər verir ki, kişi iki günlük ezamiyyətə getdiyi üçün elektromobilini hava limanındakı yavaş şarj stansiyalarından birinə qoşaraq avtomobili orada saxlayıb. O, yalnız istifadə etdiyi elektrik enerjisinin haqqını ödəyəcəyini düşünərək səfərə yollanıb.

Lakin ayın sonunda ona göndərilən hesabda iki gün üçün 2000 avro borc göstərilib.

Araşdırma zamanı məlum olub ki, problem hava limanının və ya şarj stansiyasının tarifləri ilə bağlı deyil. Qrats hava limanının dayanacağında iki şarj operatoru fəaliyyət göstərir və onların tariflərinə əsasən müəyyən müddət ərzində avtomobilin şarj cihazına qoşulu qalmasına görə əlavə yüksək ödəniş tutulmur.

Sürücü isə şarj üçün müxtəlif şəbəkələrdə istifadə edilə bilən universal kartdan yararlanıb. Belə kartların üstünlüyü ondan ibarətdir ki, istifadəçi fərqli şarj məntəqələrində ayrıca ödəniş etmək əvəzinə bütün xərclərini ayın sonunda vahid hesabla ödəyir.

Lakin həmin kartı təqdim edən şirkətin müqaviləsində avtomobilin şarj stansiyasına normadan artıq müddət qoşulu qalması halında gündə 1000 avro əlavə ödəniş nəzərdə tutulub. Nəticədə iki gün ərzində sürücünün hesabına 2000 avro əlavə edilib.

Maraqlıdır ki, sürücü hava limanının müəyyən etdiyi 48 saatlıq müddəti də keçməyib.

Hava limanının əməkdaşları sürücüyə bildiriblər ki, o, universal kart əvəzinə şarj operatoruna birbaşa ödəniş etsəydi, belə yüksək məbləğlə üzləşməyəcəkdi. Bunun üçün QR-kod və ya birbaşa kartla ödəniş etmək mümkün idi.

Bu halda 48 saat ərzində yalnız istifadə olunan elektrik enerjisinin haqqının ödənilməsi tələb olunurdu.

Sürücü vəziyyətdən narazılığını ifadə edərək bildirib ki, təyyarəyə tələsən insanların şarj xidmətinin bütün müqavilə şərtlərini ətraflı oxumaması mümkündür. O, hazırda kartı təqdim edən şirkətlə əlaqə saxlayaraq 2000 avroluq hesabın ləğv edilməsinə çalışır.

Samir

0