Akkumulyatorun ömrünü 10 ilə qədər uzatmağın beş üsulunu açıqlandı

AVTO
18:00 / 25.09.2026
41

Avtomobil akkumulyatorunun xidmət müddəti dəfələrlə fərqlənə bilər: bir batareya üç ildən sonra sıradan çıxır, digəri isə 10 il ərzində problemsiz işləyir. Səbəb təkcə akkumulyatorun konstruksiyası deyil, həm də istismar şəraitidir. 

HİT.az xəbər verir ki, bu barədə “Za rulom” jurnalı məlumat yayıb.

Qurğuşun-turşulu akkumulyatorlar üç sinfə bölünür: ekonom — təxminən 3 il, standart — 4-5 il, premium — 5-6 il və daha çox. Fərq elektrodların sayında, onların qalınlığında və işçi səthinin sahəsindədir. Premium modellərdə elektrodların sayı daha çox olur ki, bu da daha yüksək işəsalma cərəyanı və daha böyük tutum ehtiyatı təmin edir.

Bununla belə, akkumulyatorun sinfi onun uzun müddət xidmət edəcəyinə zəmanət vermir. Premium batareya vaxtından əvvəl sıradan çıxa bilər, daha münasib qiymətli akkumulyator isə əlverişli şəraitdə daha uzun müddət işləyə bilər.

Akkumulyatorun əsas düşmənləri qısa məsafəli səfərlər, tıxaclar, tez-tez mühərrikin işə salınması, şüşə və oturacaq qızdırıcıları, faralar və multimedia sistemləridir. Qısa səfər zamanı generator sərf olunan enerjini tam bərpa etməyə çatdırmır. Bu isə elektrodların sulfatlaşmasına səbəb olur.

Şəhər şəraitində avtomobildən istifadə üçün mütəxəssislər EFB texnologiyalı akkumulyatorları tövsiyə edirlər. Belə batareyalar dövri yüklənmələrə və qismən doldurulma rejiminə daha yaxşı uyğunlaşıb.

Akkumulyatorun ömrünü 10 ilə qədər uzatmaq üçün beş qaydaya əməl etmək tövsiyə olunur:

* müntəzəm dərin boşalmaya yol verməmək — faraların açıq qalması, videoregistratorun işləməsi və elektrik sızmaları buna səbəb ola bilər;
* elektrik avadanlığının saz vəziyyətdə olmasına və klemmələrin təmizliyinə nəzarət etmək;
* gərginliyi və elektrolitin sıxlığını vaxtaşırı yoxlamaq;
* akkumulyatoru təmiz saxlamaq;
* zərurət yarandıqda onu stasionar şarj cihazı ilə tam doldurmaq.

“Za rulom”un məlumatına görə, bu qaydalara riayət etmək akkumulyatorun xidmət müddətini əhəmiyyətli dərəcədə artırmağa imkan verə bilər.

Samir

0