Avtomobillər ötən illə müqayisədə nə qədər bahalaşıb? - AÇIQLAMA

AVTO
19:40 / 25.09.2026
41

"Avtomobil bazarında hazırda iki əsas tendensiya müşahidə olunur. Hibrid və elektrik avtomobillərinə əvvəl tətbiq edilən güzəştlərin 2026-cı ildən ləğv olunması bu nəqliyyat vasitələrinin qiymətlərinin artmasına və nəticədə onlara tələbatın azalmasına səbəb olub".

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, istifadə zamanı ortaya çıxan problemlər, ehtiyat hissələrinin bahalığı, avtomobillərin material və metal keyfiyyəti ilə bağlı narahatlıqlar da alıcıların seçimlərinə təsir göstərir:

"Nəticədə əvvəlki illərlə müqayisədə avtomobil bazarında satışların sayı azalıb. Hazırda Çindən, Koreyadan və digər ölkələrdən hibrid və elektrik avtomobilləri ilə yanaşı, daha çox benzin və dizellə çalışan nəqliyyat vasitələrinin idxalına üstünlük verilir. Bu isə bazarda müəyyən mənada əvvəlki tendensiyaya qayıdış kimi qiymətləndirilə bilər.

Hazırda avtomobil bazarında kəskin bahalaşma müşahidə olunmur. Bunun əsas səbəblərindən biri alıcı müraciətlərinin azalmasıdır. Bununla belə, artan xərclər və gömrük ödənişləri səbəbindən avtomobillərin qiyməti bir il əvvəllə müqayisədə orta hesabla 15 faiz yüksəlib.

Gömrük qiymətləndirməsi ilə bağlı da problemlər mövcuddur. Mövqeyimiz ondan ibarətdir ki, avtomobillərin gömrük qiymətləndirilməsi bu sahədə ixtisaslaşmış qiymətləndirmə şirkətləri tərəfindən aparılmalıdır. Hazırda isə bəzi hallarda avtomobillərin qiyməti internetdəki elanlar əsasında müəyyənləşdirilir. Halbuki elan saytlarında göstərilən qiymətlərlə real bazar qiyməti arasında 5-6, bəzi hallarda isə 10 faizədək fərq olur. Bu da idxal zamanı daha yüksək gömrük ödənişlərinin yaranmasına səbəb olur".

AQC sədri əlavə edib ki, Azərbaycan avtomobil bazarında Gürcüstandakı kimi daha əlçatan idxal şərtlərinin tətbiqi bazarda aktivliyi artıra bilər:

"Qonşu ölkədə avtomobillərin gətirilməsi və gömrük xərcləri daha aşağı olduğundan nəqliyyat vasitələri Azərbaycanla müqayisədə daha ucuz başa gəlir.

İkinci əl avtomobillər bazarında da alıcıların daha seçici və ehtiyatlı davrandığı görünür. Xüsusilə yüksək qiymətli avtomobillərin satış müddəti uzanır və likvidliyi azalır. Bəzi nəqliyyat vasitələrinin elan saytlarında bir ilədək satışda qalması bunu göstərir.

Ümumilikdə avtomobilin qiyməti onun növü, yaşı, mühərriki, istismar xərcləri və idxal məsrəflərindən asılı olaraq dəyişir. Köhnə və saxlanılması daha baha başa gələn avtomobillərə maraq azalır, yeni və texnoloji baxımdan daha müasir modellərə isə üstünlük verilir".

0