DÜNYA
17:44 / 31.07.2022
854

Film kimi əməliyyat: ABŞ və Meksika 9 il axtardı, başına 20 milyon dollar qoyuldu, 6 yaşlı bir it tapdı... - DETALLAR
Uzun illər ABŞ və Meksikada axtarışda olanlar siyahısında birinci yerdə idi. Onu ələ keçirmək üçün atılan addımlar iki qonşu ölkəni dəfələrlə bir-birinə qarşı qoyub. 2013-cü ildən gizlənən Rafael Karo Quyntero nəhayət iki həftə əvvəl ələ keçdi. Bəs bu necə baş verdi? Film kimi əməliyyatın detallarını təqdim edirik....
 
ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (Drug Enforcement Administration - DEA) tərkibindəki RCQ Xüsusi İşçi Qrupu illər ərzində tək bir nəfəri axtarırdı. Axtarışda olan şəxsin Meksikanın şimal-qərbindəki cəngəlliklərdə həyatını davam etdirdiyi müəyyən edilib. Adamı yaşadığı yerdən çıxarmaq üçün dəfələrlə hava əməliyyatları üçün planlar, proqramlar hazırlanıb.
 
İyulun ikinci həftəsində tutulan 69 yaşlı Karo Quyntero illərdir DEA-nın axtarışda olanlar siyahısında birinci yerdə idi. 1985-ci ildə DEA agenti Kiki Kamarenanı öldürməkdə və narkotik alverində günahkar bilinən Karo Quyntero 2013-cü ilə qədər həbsdə qalıb. O, bu tarixdə texniki bir səbəbdən sərbəst buraxılıb və sonra yenidən narkotik ticarətinə qayıdıb.
 
Həm ABŞ, həm də Meksika hakimiyyəti Karo Quynteronun ələ keçirilməsini "çətin qazanılmış qələbə" kimi qiymətləndirib. Lakin reallıqda bu istiqamətdə atılan addımlar 10 ilə yaxındır ki, iki ölkə arasında ən böyük problemlərdən biri olub.
 
2020-2021-ci illərdə DEA-nın direktoru vəzifəsində çalışmış Timotu Şi "Washington Post"a açıqlamasında deyirdi: "RCQ illər əvvəl tutulmalı və ABŞ-a narkotik ticarətini dayandırmalı idi".
 
Direktor olduğu müddətdə Karo Quynteronun "Axtarırılır" elanını ofisinin qapısında asılı saxlayan Şi "Meksika hökuməti yalnız öz siyasi maraqları olduqda hərəkətə keçir", deyə bildirib.
 
Karo Quinteronun "AXTARILIR" elanı...
 
20 milyon dollar mükafat, 12 uğursuz əməliyyat
 
2013-2022-ci illər arasında Karo Quynteronun başına qoyulan mükafat 5 milyon dollardan 20 milyon dollara yüksəldi. ABŞ rəsmilərinin sözlərinə görə, eyni müddət ərzində ABŞ və Meksika Karonun ələ keçirilməsi üçün 12 əməliyyat keçirib, lakin hər dəfə uğursuzluğa düçar olub. Bu əməliyyatların əhəmiyyətli bir hissəsi əvvəllər mətbuatda yer almırdı. ABŞ rəsmiləri Meksika hökumətindəki bəzi yüksək səviyyəli şəxslərin Karo Quinteroya məlumat sızdırdığını, başqa sözlə, kartel liderinin hökumət tərəfindən qorunduğunu iddia edib.
 
Meksika prezidenti Andres Manuel Lopez Obradorun sözçüsü Xesus Ramires bu ittihamları rədd edib. Ramires "Washington Post" qəzetinə verdiyi açıqlamada 2020-ci ildə tutulan Santa Rosa de Lima kartelinin liderini və digər həbsləri xatırladıb: "Bizim narkotik kartellərinə mərhəmətimiz yoxdur. Lakin biz torpaqlarımıza zərər verəcək müharibə xarakterli əməliyyatların olmasını istəmirik.
 
Həbs edilən Karo Quyntero "El Altiplano" adlı həbsxanaya yerləşdirilir
 
Qohumları DEA-ya məlumat ötürürmüş
 
ABŞ rəsmiləri Karo Quynteronun Meksika ordusu bazasından cəmi bir neçə kilometr aralıda yerləşən Sinaloa kəndində yaşadığını çoxdan bildiklərini bildiriblər.
 
Bölgədə az qala hakimiyyət qurmuş Karo Quyntero hər yerə kvadrosikllar və ya motosikletlə hərəkət edir, hər həftə mühafizəçilərini yeniləyirmiş. ABŞ rəsmisi, DEA-nın Karo Quyntero-nun bəzi qohumlarından məlumatçı kimi istifadə etdiyini, buna görə də onun qız dostlarını ziyarət etmək üçün istifadə etdiyi yolları öyrəndiyini deyib.
 
Lakin iyulun 15-də Karo Quyntero tutulduqda, prezident Lopez Obrador əməliyyatın planlaşdırılması və icrasına görə yalnız Meksika hakimiyyətinin məsuliyyət daşıdığını elan edib. RCQ İşçi Qrupunun üzvləri bu açıqlamanın gülünc olduğunu bildirərək, 9 ildir ki, Meksika dəniz piyadalarına və quru qüvvələrinə kəşfiyyat məlumatı təqdim etdiklərini vurğulayıblar. (RCQ İşçi Qrupunun üzvləri və digər rəsmilər missiyalarının həssaslığına görə adlarının açıqlanmasını rədd edib).
 
ABŞ hökuməti keçmişdə dəfələrlə Karo Quynteronu tutmaq üçün Meksikada yüksək səviyyəli cəhdlər edib. Məsələn, Donald Trampın prezidentliyinin son günlərində baş prokuror Vilyam P.Barr Meksikanın xarici işlər naziri Marselo Ebrardla görüşündə bu məsələni qaldırmışdı.
 
İki rəsmi şəxs Los-Anceles Beynəlxalq Hava Limanında narkotik ticarəti ittihamı ilə saxlanılan meksikalı generalın vəziyyətini qiymətləndirmək üçün görüşüb. "Mən meksikalılara Karo Quynteronun bizim əsas prioritetlərimizdən biri olduğunu söylədim. Onun DEA üçün institusional əhəmiyyəti var idi və bu, narkotik ticarətinin əsas oyunçularından birini zərərsizləşdirərdi. Meksikalılar istəsələr, bunun edilə biləcəyinə ürəkdən inanırdım", deyə Barr "Washington Post"a bildirib.
 
Meksika prezidenti Andres Manuel Lopez Obrador
 
Yenə kəşfiyyat sızıntıları...
 
2021-ci ilin yanvarında iki ölkə Karo Quynteronun tutulması üçün əməliyyat planlaşdırmağa başlayır. Bu, kartel liderinə qarşı 10-cu əməliyyat olacaqdı. Lakin bu dəfə Lopez Obradorun təsdiqi ilə ABŞ rəsmiləri uğur şanslarının yüksək olduğuna inanırdılar.
 
Əvvəlki cəhdlərdə olduğu kimi, kəşfiyyat məlumatları yenə Amerika agentlərindən gəlir. Mənbə isə birbaşa Karo Quynteronun Sinaloadakı köməkçiləri olub.
 
Meksika dəniz piyadalarından ibarət bir qrup ölkənin şimalındakı "Qızıl Üçbucaq" kimi tanınan əraziyə doğru hərəkətə keçir, lakin "Blackhawk" helikopterləri Karo Quynteronun doğulduğu Babunika şəhərinə enəndə artıq gec idi.
 
DEA rəsmilərindən biri uğursuzluğun səbəbini "Yenə sızma" adlandırır.
 
Meksika rəsmiləri isə deyir ki, Karo Quyntero gücündə korrupsiyanın payı çox məhduddur. "Onun adamları hər şeyə nəzarət edir. Onların dağlarda pilotsuz təyyarələri gözləyən xəbərçiləri, mühafizəçiləri, işçiləri var. Onlar çox diqqətlidirlər", deyə əvvəllər bir çox uğursuz əməliyyatlarda iştirak etmiş yüksək rütbəli meksikalı məmur bildirib.
 
ABŞ rəsmiləri isə Meksika ərazisinin 30-35 faizin dövlətin nəzarəti altında olmadığını və bu ərazilərdə cinayətkar təşkilatların tüğyan etdiyini deyir. Karo Quyntero bu faktın ən güclü nümunəsi hesab olunur. FTB-nin qaçaqlar siyahısında bir nömrə olan və yeri hamıya məlum olan bu adamı Meksikanın tuta bilməməsi "kabus” adlandırılır.
 
* * *
 
DEA-nin Mexikodakı ofislərinin iclas otağının bir divarında Enrike "Kiki" Kamarenanın portreti asılıb. Bəzi agentlər yaxalarına "Kikini xatırla" sancaqlarını taxırlar. DEA daxilində həttan Kamarena anım günü qeyd edilir.
 
Kamarenanın qətli bir çox cəhətdən DEA-nın Meksikadakı mövcudluğunun və bu ölkədəki narkotik kartellərinə qarşı mübarizəsinin kökündə dayanır.
 
Camarena 1981-ci ildə DEA-nın Meksikadakı ofisində işləməyə başlayıb. 1985-ci ilə qədər o, milyardla dollarlıq narkotik tranzit xəttini ifşa etməyə yaxın olur. Lakin 1985-ci il fevralın 7-də həyat yoldaşı ilə nahar edərkən oğurlanır.
 
ABŞ rəsmilərinin dediyinə görə, Kamarenanın oğurlanması əmrini həmin vaxt Qvadalaxara kartelinin lideri olan Karo Quyntero verib. Məqsəd Kamarenadan məlumat almaq və uğurlu araşdırmasına görə onu cəzalandırmaq idi.
 
DEA-ya görə, Kamarenaya ağır işgəncələr verilib, hətta bu prosesdə ölməməsi üçün otaqda bir həkim belə saxlanılıb. Kamarenanın cansız bədəni 1985-ci il martın 5-də neylonla bükülmüş və basdırılmış şəkildə ucqar bir tarlada tapılıb. Yarılma zamanı onun başına ağır bir cisim vurulması nəticəsində öldüyü müəyyən edilib.
 
Bir neçə ay sonra Karo Quyntero tutulur, federal məhkəmə tərəfindən Kamarenanın qətli və digər cinayətlərə görə 40 il həbs cəzasına məhkum edilir. 2013-cü ildə isə Apellyasiya Məhkəməsi işə əslində ştat məhkəməsində baxılmalı olduğunu əsas gətirərək, qərarı ləğv edir. Karo Quyntero sərbəst buraxılır və dərhal yoxa çıxır. Bir neçə gün ərzində isə RCQ İşçi Qrupu fəaliyyətə başlayır.
 
Kiki Kamarenanın cənazəsi
 
Kartel lideri də sıfırdan başlayır, agentləri də...
 
İşçi qrupun ilk rəhbəri əvvəllər Qvadalaxarada işləmiş və Kamarenanın bir vaxtlar oturduğu masada oturmuş bir agent idi. Birdən onun bütün işi Karo Quynteronu tutmaq olmuşdu. Lakin Karo Quyntero 28 il həbsdə qaldığından oyundankənar vəziyyətdə qalmışdı. Sözügedən agent "Washington Post" qəzetinə açıqlamasında "Əlimdə onun nə bir telefon nömrəsi, nə də başqa bir əlaqə vasitəsi yox idi. Hər şey sıfırdan başlayırdı, təbii ki, biz də" deyir.
 
RCQ İşçi Qrupunun ilk əməliyyatı 2015-ci ildə baş tutub. Meksika əsgərləri və dəniz piyadaları ilə birlikdə onlarla "Blackhawk" helikopteri Babunikaya endi. Agentlər gözlərinə inana bilmirdilər: Karo Quynteronun kəşfiyyatçıları bütün gücləri ilə qaçmağa çalışırdılar.
 
Karo Quyntero özü isə çoxdan aradan çıxmışdı. Agentlərin sonradan öyrəndiyinə görə, kartel rəhbəri tez-tez helikopterin enməsi mümkün olmayan Sinaloanın əlverişsiz təpələrinə sığınır. Meksika əsgərlərinin və ABŞ rəsmilərinin basqın zamanı əldə etdikləri ən mühüm məlumat Karo Quynteronun həyat tərzi ilə bağlı olub: Kartel lideri on milyonlarla dollarlıq sərvəti olan adam deyil, adi kəndli kimi yaşayırdı.
 
Əməliyyat uğursuz alındı, lakin ABŞ agentlikləri Karo Quyntero'ya "Səni unutmadıq, hələ də arxanca gəlirik" mesajını verə bildilər. Ancaq onlar hədəfə çatmaq üçün 9 il lazım olacağını gözləmirdilər.
 
* * *
 
2010-cu illərə qədər Qvadalaxarada yerləşən DEA agentləri narahatedici bir həqiqətlə razılaşdılar: Onlar vaxtlarının çoxunu Karo Quynteronun tutulmasına kömək etməyə sərf edirdilər. Amma ofisdən bayıra çıxan kimi hər yerdə onun ailəsinin sərvətinin əlamətlərini görə bilirdilər.
 
ABŞ hökumətinin məlumatına görə, Karo Quyntero Qvadalaxara şəhərində ən qiymətli daşınmaz əmlakların böyük bir hissəsinə sahibdir: mənzillər, evlər, yanacaqdoldurma məntəqələri və mağazalar daxil olmaqla bu əmlakların bəziləri DEA agentlərinin yaşadığı yerə çox yaxındır. Üstəlik, bu investisiyalar o qədər uğurlu olub ki, Karo Quyntero həbsdə olarkən və qaçarkən onun daşınmaz əmlakı ikiqat artıb.
 
ABŞ Ədliyyə Departamentinin ötən il yaydığı açıqlamada deyilir: "İddia olunur ki, Quyntero əmlakını ailə üzvlərinə adına qeydiyyatdan keçirərək, əsil sahibinin özü olduğunu gizlətməyə çalışır".
 
2019 və 2021-ci illərdə ABŞ Maliyyə Nazirliyi Meksika hökumətindən bu əmlakların bir qismini müsadirə etməyi xahiş edib. Lakin o vaxta qədər Karo Quynteronun qohumları artıq şəhərin tanınmış simalarına çevrilmişdilər. Tanınmış vəkilləri işə götürməklə, müsadirə cəhdlərini asanlıqla dəf edə bilirlər.
 
Karo Quyntero ailesi Qvadalaxarada çox böyük əmlaka sahibdir
 
Müsahibəsi "təslim olmaq istəyir" deyə şərh olundu
 
Bir DEA agentinin Qvadalaxara Jokey Klubunda iştirak etdiyi tədbirdə yaşadığı olay olduqca diqqət çəkici idi. Tədbiri izləyərkən başını qeyri-ixtiyari olaraq sağa çevirən agent qəfildən heç gözləmədiyi birini görür: Atçılıq üzrə Meksikanın ən uğurlu idmançılarından biri hesab edilən Hektor Karo Quyntero Elenesı, yəni RCQ-nun oğlunu.
 
Agent həmin anları "Çox qəribə idi” sözləri ilə xarakterizə edir və bildirir: "Gecə-gündüz axtardığınız adamın oğlu düz qarşındadır”.
 
Caro Quintero ailəsi, xüsusilə Hektor haqqında çoxlu söz-söhbətlər var. Məsələn, Jokey Klubunun mənbələri Hektorun atının gözətçisinə bir az kürü yedizdirdiyini deyib. Bəzi digər idmançılar da Hektorun həbs olunacağından qorxaraq ABŞ-da keçirilən atçılıq yarışlarında iştirakdan imtina etdiyini bildiriblər.
 
Bütün bunlar davam edərkən, Hektorun atası Meksika təpələrində çadırda yaşayırdı. 2018-ci ildə meksikalı araşdırmaçı jurnalist Anabel Hernandezə müsahibə verən Karo Quyntero, davamlı əməliyyatların hədəfi olmaqdan yorulduğunu bildirib: "Əziyyət çəkirəm. bütün hökumətlər ardıcıl güclü əməliyyatlar təşkil edir. Öz-özümə sual verirəm: "Nə zamana qədər?", "Niyə?".
 
ABŞ rəsmiləri bu bəyanatları Karo Quyntero təslim olmağı düşünməsi kimi şərh etmişdi.
 
İsmael Zambada, Nemesio "El Menşo" Osequera və ya Joaquin "El Çapo" Quzman kimi kartel liderlərindən fərqli olaraq, Rafael Karo Quyntero ələ keçirilən zaman gücünün zirvəsində deyildi, tənəzzül yaşayırdı. Onun Meksikada ən çox axtarılan qanun qaçağı olmasının səbəbi də narkotik ticarətindəki yolu deyildi. Karo Quyntero Camarenanın qətlindəki roluna görə axtarışda idi. 
 
* * *
 
Bəs, Karo Quyntero sonda necə tutuldu? Bu sualın cavabı kimdən soruşmağınıa bağlı olaraq dəyişir.
 
Meksika prezidenti Andres Manuel Lopez Obradorun sözçüsü Xesus Ramires Karo Quynteronun yeri barədə ipucunun əməliyyatdan bir gün əvvəl kənddə keçirilən əyləncə məclisindəki səs-küyündən şikayət edən bir qonşudan gəldiyini deyib.
 
Meksika Hərbi Dəniz Qüvvələri adından danışan kontr-admiral Xose Orozko dəniz piyadalarının Karo Quynteronu "aylarla izlədiyini” və kartel liderinin yerini Hərbi Donanma kəşfiyyat bölməsinin müəyyən etdiyini bildirib.
 
Əməliyyatla bağlı məlumatı olan ABŞ rəsmisi isə tamam başqa hekayə danışıb. Onun sözlərinə göre, Karo Quyntero istintaqındakı son dalğ ən azı 8 ay əvvəl başlayıb. Bu kontekstdə ABŞ-ın DEA agentləri Meksika dəniz piyadalarına kəşfiyyat məlumatı və digər dəstək verib. Lopez Obrador və ABŞ prezidenti Co Bayden iyulun 12-də Vaşinqtonda görüşüblər. Bu görüşdən sonra Meksikanın yüksək rütbəli hərbçiləri əməliyyata razılıq veriblər. DEA rəsmiləri əməliyyatın gedişini izləsə də, Karo Quyntero ələ keçirilərkən hadisə yerində olmayıb.
 
Meksika rəsmiləri həbsin dövlət başçılarının 3 gün əvvəl baş tutan görüşü ilə bağlı olması fikrini rədd ediblər.
 
6 yaşlı "Max" əməliyyatda xçox böyük rol oynadı
 
Onu 6 yaşlı it tapdı
 
Əməliyyat öncəsi fikirlər fərqli olsa da, bütün mənbələr bir detalda razılaşır: Dəniz piyadaları kəndə gələndə Karo Quyntero kolluqda gizlənməyə çalışıb və 6 yaşlı polis iti "Max"ın həssas burnu sayəsində ələ keçirilib.
 
Xəbər cümə günü günortadan sonra Meksika mətbuatında yer alıb. Bütün müzakirələrin başında Karo Quynteronun mühakimə olunmaq üçün ABŞ-a göndərilib-göndərilməyəcəyi ilə bağlı idi (Həftələr və ya aylar çəkə bilən bu proses hələ də aydın deyil).
 
ABŞ-ın Mexikodakı səfirliyində bir tərəfdən şənliklər hazırlanır, digər tərəfdən 20 milyon dollarlıq mükafatın necə və kimə bölüşdürüləcəyinə qərar verməyə çalışırdılar.
 
RCQ İşçi Qrupunun keçmiş və indiki üzvləri bir-birlərini qısa mesajlarla təbrik edirdilər. Agentlər həmçinin Karo Quyntero-nun son fotolarına baxırdılar.
 
İşçi qrupun qurucusu kartel liderini belə təsvir edir: "O, qara saçları ilə cavanlaşmış kimi görünürdü".
 
Meksika Donanmasının əməliyyatdan paylaşdığı foto
 
"Necə tutduğumuzu biz bilirik..."
 
Səfirlikdə şənliklər başlamazdan əvvəl kədərli xəbər gəlir. Əməliyyatda iştirak edən Meksika dəniz piyadalarını daşıyan helikopterlərdən biri Sinaloada qəzaya uğrayıb, 14 əsgər həlak olub. (Qəza hələ də araşdırılır, lakin ilkin tapıntılar helikopterlərin yanacağının bitdiyini göstərir).
 
Bununla da səfirlik əməkdaşları planlaşdırılan bayram tədbirini ləğv edirlər.
 
Bir neçə gün sonra Lopez Obrador gündəlik mətbuat konfransı üçün çıxdığı kürsüdə DEA-nın Karo Quynteronun tutulmasında "birbaşa rolu olmadığını" deyib.
 
Bu açıqlama DEA agentlərini təəccübləndirmir. Lopez Obrador onların əməliyyatdakı payını etiraf etməyəcəyini bilirdilər. Lakin 9 illik səylərinin bu şəkildə başa çatması yenə də onlara qəribə göründü.
 
Keçmiş casuslardan biri son nöqtəni belə qoyur: "Biz onu necə yaxaladığımızı bilirik. Əsas odur ki, o, ömrünün qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirəcək".
 
 
Tərcümə: Aydın
Qaynarinfo
0