DÜNYA
13:52 / 07.09.2022
664

"Kabus təyyarə" ilə bağlı şok detallar - Qəzada ölən məşhur iş adamı kimdir?

2 gün əvvəl İspaniyanın “Xeres de la Frontera” hava limanından yola düşərək Almaniyanın Köln şəhərinə uçan şəxsi təyyarə müəmmalı şəkildə Baltik dənizinə düşüb.

Musavat.com "The Guardian"a istinadən xəbər verir ki, kabinədəki təzyiq problemindən dolayı təyyarə radardan itdikdən sonra məsul şəxslər hərəkətə keçib.

NATO təyyarələri “Cessna 551”i müşayiət etmək üçün havaya qalxıb, lakin NATO pilotları və İsveç rəsmiləri təqib etdikləri təyyarənin kokpitində heç kimin görünmədiyini bildiriblər.

Paris və Köln ətrafında dövrə vuran təyyarə Baltik dənizinə doğru hərəkət edib və Latviyanın Ventspolis şəhəri yaxınlığında qəzaya uğrayıb.

AXTARIŞLAR NƏTİCƏSİZ QALIB

Təyyarənin qəzaya uğramasından sonra bölgəyə Latviya, İsveç və Litvanın xilasetmə qrupları göndərilib. İsveç axtarış-xilasetmə qrupunun rəhbəri Lars Antonsson “AFP”yə bildirib ki, təyyarə yanacağı bitdiyi üçün qəzaya uğrayıb və hadisə yerində insan qalıqlarına rast gəlinməyib.

Antonssonun sözlərinə görə, xilasetmə qrupları qəzaya nəyə səbəb olduğunu anlamağa kömək edəcək heç nə tapa bilməyiblər.

Sirli hadisə dünya mediasında “kabus təyyarə” başlığı ilə oxuculara təqdim olunub və maraqla qarşılanıb.

Özəl havayolu şirkəti “Quick Air” tərəfindən verilən açıqlamada qəzaya uğrayan təyyarənin alman iş adamı Karl-Peter Qrizmanna məxsus olduğu və təyyarədən onun özü tərəfindən idarə olunduğu açıqlanıb.

72 yaşlı iş adamını şəxsi təyyarəsində həyat yoldaşı Juliane, 26 yaşlı qızı Liza və qızının sevgilisi Paulun müşayiət edib.

Ailənin bir müddət İspaniyadakı bağ evində tətildə olduğu və Kölnə qayıdarkən dəhşətli qəzaya uğradığı güman edilir.

Aviasiya mütəxəssisləri bildirirlər ki, kabin təzyiqinin düşməsi pilotun və sərnişinlərin huşunu itirməsinə səbəb ola bilər. Bu, NATO pilotlarının kokpitdə niyə heç kimi görmədiyini izah edir.

KARL PETER QRİZMANN KİMDİR?

Qərbi Almaniyanın ən böyük şəhəri olan Kölndə kifayət qədər tanınan Karl-Peter Qrizmann “Griesmann Group”un prezidenti olub. Məşhur iş adamı Almaniyanın ən böyük karnavallarından biri olan və hər il təşkil edilən Köln karnavalına rəhbərlik edib.

Faciəli qəzadan sonra axtarış-xilasetmə işlərinə bir çox ölkədən göndərilən təyyarə və gəmilər qatılıb. Xilasetmə qrupları televiziyaya verdiyi açıqlamalarda qəza yerində güclü neft axını olduğunu bildiriblər. Təyyarədə olan sərnişinlərin qalıqlarına hələ də rast gəlinməyib.

0