DÜNYA
12:50 / 13.11.2022
518

Rusiya Türkiyəyə boyun əydi - Putin niyə Ərdoğanı incitməkdən qorxur?

"Vladimir Putinin gücü onun məğlubedilməz və barışmaz olması təəssüratına əsaslanır - Rusiya prezidenti məğlub ola bilməz və məqsədlərinə çatmaq üçün onu heç bir şey dayandırmayacaq. İlk mif ağır itkilər verən Rusiya ordusunun Ukraynanın müstəqilliyini əlindən almaq məqsədinə çatmadan dağıldı".

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Washington Post” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, birinci mif dağılsa da, ikinci mif davam edir:

"Bu mif vadar edir ki, qərbdə bəziləri ABŞ-ın Kiyevi sövdələşmə masasına oturtmaq üçün öz təsir rıçaqlarından istifadə etməli olduğunu iddia etsin, onların fikrincə, ukraynalılar heç vaxt itirilmiş ərazilərini geri qaytara bilməyəcəklər. Bu pessimist arqument ona əsaslanır ki, Putin daha çox qoşun və daha çox silah, hətta lazım gələrsə, nüvə silahı ilə qeyri-müəyyən müddətə eskalasiyanı davam etdirəcək. Ancaq son həftələrdə Putinin marağında olarsa, geri çəkilməyi mükəmməl bacardığını görürük. Oktyabrın 29-da Putin Ukrayna taxılı ilə dolu gəmilərin Qara dənizdən keçməsinə icazə vermək üçün Türkiyə və BMT ilə razılaşmanı dayandırdığını açıqladı. Putin uzun müddətdir ki, bu razılaşmadan narazıdır, çünki bu, avqustun 1-dən 9 milyon tondan çox ərzaq ixrac edə bilən Ukraynaya həyat xətti verir. Razılaşmadan çıxmaq üçün bəhanə kimi o, Ukraynanın Rusiyanın Qara dəniz donanmasına pilotsuz uçan aparatlarla hücumunu göstərib. Bununla belə, Rusiya taxıl müqaviləsinə əməl edəcək".

TurkeyRussiaErdoganPutinRTR3B62S.jpg (394 KB)

Qəzet yazır ki, Putin Türkiyənin və xalqını dolandırmaq üçün Ukrayna taxılına arxalanan inkişaf etməkdə olan ölkələrin təzyiqinə boyun əyib, hətta nüvə silahından istifadə ilə bağlı hədələrindən də geri çəkilib:

"Rusiyanın əlində olan bütün silahlardan istifadəsi ilə hədələyən Putin oktyabrın 27-də nüvə silahından istifadə etmək niyyətinin olmadığını bildirdi və buna ehtiyac görmədiyini açıqladı".

“Washington Post” yazır ki, Putinin sözlərinə çox əhəmiyyət vermək lazım deyil, çünki o, tez-tez bir şeyi deyir və sonda başqa bir şey edir.

Məqalədə Türkiyə-Rusiya münasibətlərinə də diqqət çəkilib və qeyd olunub ki, Putinin Ankaranın fikirlərinə həssas yanaşır:

"Bunun səbəbi sirr deyil. Rusiyanın ABŞ və əksər Avropa ölkələri ilə ticarət əlaqələri xeyli azalıb, lakin Çinlə 64 faiz, Türkiyə ilə isə 198 faiz artıb, çünki bu ölkələr sanksiyalar tətbiq etmir. Rusiya və Qərb arasında üçbucaq yaratmağa çalışan başqa bir ölkə olan Hindistanla ticarət 310 faiz artıb. Bu o deməkdir ki, həmin ölkələrin Rusiyaya çoxlu təsir rıçaqları var. Putin onları incitməkdən o qədər ehtiyat edir ki, Qara dəniz taxıl embarqosundan və nüvə gücü ilə hədələrindən geri çəkilməyə hazırdır. Bir sözlə, Putin nə olursa-olsun, irəliləməyə davam edəcək hansısa Slavyan Terminatoru deyil. Bu o demək deyil ki, Ukrayna indi onunla razılığa gələ bilər, çünki o, Ukraynanın dörd vilayətinin ilhaqına nail olmaq ümidindən əl çəkməyib. Lakin müharibə sonsuza qədər davam etməyəcək və Rusiya döyüş meydanında daha çox məğlubiyyətə düçar olarsa, daha məqbul razılaşma əldə oluna bilər".

biden-750-1140x684.png (466 KB)

Sonda vurğulanır ki, ukraynalılara güzəştə getmələri üçün təzyiq göstərmək mənəvi cəhətdən təhqiredicidir, çünki onlar səbəbsiz təcavüzün qurbanlarıdırlar:

"Ukraynanın vaxtından əvvəl güzəştləri Rusiya liderini cəsarətləndirəcək. Bayden administrasiyası Kiyevi sıxışdırmaq əvəzinə, Nyu-Dehli, Ankara və Pekini Putinə təsir göstərməyə inandırmalıdır".

Müəllif: Maks Boot ("Washington Post"un köşə yazarı, Xarici Əlaqələr Şurasının baş əməkdaşı və “The Road Not Taken: Edward Lansdale and the American Tragedy in Vietnam” kitabının müəllifi)

0