Gürcüstan prezidenti ABŞ və Böyük Britaniya kəşfiyyatından çox bilir? 

DÜNYA
17:52 / 26.05.2020
1208

Gürcüstan Prezidenti Salome Zurabişvilinin son açıqlaması sadəcə fərziyyədir. Dövlət başçısı fərziyyə ilə danışmamalıdır. Fakt varsa, ortaya qoysun. Hər halda ABŞ kəşfiyatı və Böyük Britaniyanın xüsusi xidməti Zurabişvilidən Rusiyanın belə planlarının olub-olmadığına dair daha məlumatlıdır.

HİT.Az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Xatırladaq ki, Gürcüstan dövlət başçısı “The Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Rusiyanın koronavirusu və iqtisadi böhran önləmək cəhdləri, üstəgəl neftin kəskin ucuzlaşması Kremli ölkə sərhədləri xaricində yeni təcavüzə sövq edə bilər. Bu xəbərdarlığı edən xanım prezidentin fikrincə, pandemiya və neft böhranı, siyasi vəziyyət Rusiyanı daha aqressiv olmağa, ölkə kənarında uğurlarını göstərməyə sövq edə bilər.

Müsahibimiz Rasim Musabəyov isə bu fikirləri ciddiyə almır:

“Neftin qiymətinin ucuzlaşmasından sonra Rusiyanın azğınlaşması haqda yanaşmalar doğru deyil. Təcrübə göstərir ki, dünya bazarında neftin qiyməti yüksək olanda böyük pullar Rusiyanı dingildədirdi. Başlayırdılar ora-bura müdaxilə etməyə. Mən düşünmürəm ki, indiki vəziyyətdə Rusiya özünə yeni başağırı yaratsın. Odur ki, Gürcüstan Prezidentinin dedikləri sadəcə fərziyyədir”.

Deputat əlavə edib ki, indi Rusiyanın qarşısında duran əsas məsələ Krımın şirin su ilə təchizatıdır:

“Krıma şirin su Ukraynadan gəlirdi. Krım Rusiyaya ilhaq edildikdən sonra Ukrayna ora gedən suyu kəsib. Qışda yağıntı az olduğundan Krımda su anbarları demək olar ki, boşalıb. İndi Krımda içməli suyun olmaması böyük hadisə olacaq, bəlli olacaq ki, Moskva buranı elementar su ilə təchiz edə bilmir. Hazırda Rusiya təzyiqlər edir ki, Ukrayna Krıma gələn suyun qarşısını açsın. Deyirlər ki, hücum edib suyun qarşısını açacağıq. Bu təzyiq menxanizmi üçün deyilir, amma düşünmürəm ki, indiki vəziyyətdə Rusiya Ukrayna və ya Gürcüstana hücum etsin”.

Musabəyov xatırladıb ki, əslində Rusiyanın təcavüzünə dair narahatlığı həmişə olub:

“İndi nə dəyişib? Gürcüstan Prezidentinin əsas gətirdiyi arqument bu nəticəyə gətirib çıxara bilməz”.

0