Macarıstan İsveçə xəbərdarlıq etdi

DÜNYA
10:41 / 15.09.2023
381

Macarıstanın xarici işlər naziri Peter Siyarto isveçli həmkarı Tobias Billströmə yazdığı məktubda ölkəsinin hərəkətlərinin NATO-ya üzvlük yolunda maneə olduğu barədə xəbərdarlıq edib. 

HİT.az xəbər verir ki, nazirin sözlərinə görə, Macarıstan parlamenti İsveç siyasətçilərinin bəyanatlarından, o cümlədən onların səsləndirdiyi “ciddi, qərəzli, ədalətsiz ittihamlardan” narazı olduğu üçün bu ölkənin NATO-ya daxil olması ilə bağlı sazişi hələ də ratifikasiya etməyib.

Nazir məktubu "Facebook"da dərc edib. Peter Siyarto qeyd edir ki, İsveç məktəblərində Macarıstan demokratiyasının canlılığını “sual edən” maarifləndirici film nümayiş etdirilir. Onun sözlərinə görə, filmdə “son illərdə Macarıstanda demokratiyanın tənəzzülə uğradığına dair ciddi iddialar və yalan məlumatlar var”. Eyni zamanda, İsveç Macarıstandan Şimali Atlantika Alyansına qoşulmaq üçün ərizəsini təsdiq etməyi xahiş edir.

“Əminəm ki, siz iki fenomen arasındakı ziddiyyəti başa düşürsünüz. Deputatlarımızı NATO-ya daxil olmanızı təsdiq etməyə çağırırsınız, amma özünüz onları Macarıstanda demokratiyanı məhv etməkdə ittiham etməkdə davam edirsiniz. İndi bu ziddiyyət daha da kəskinləşib və sizin tələblərinizin yerinə yetirilməsinə kömək etmir”, deyə Siyarto bildirib.

İsveç parlamenti ölkənin Alyansa daxil olması barədə martın 22-də, Finlandiya parlamenti isə martın 1-də analoji qərar qəbul edib. Finlandiya aprel ayında NATO-ya qəbul edilib. İsveçin müraciəti hələ ki, yalnız Macarıstan və Türkiyə tərəfindən təsdiqlənməyib. Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, NATO-ya üzv olmaq üçün İsveç terrorla mübarizəyə başlamalıdır. İsveç Xarici İşlər Nazirliyi Türkiyənin payızda ərizəsini təsdiqləyəcəyini gözləyir.

Samir

0