Rusiya-Fransa gərginliyinə səbəb nədir? - ŞƏRH

DÜNYA
16:57 / 28.09.2023
969

Rusiya ilə Fransa arasında yaşanan gərginlik artmağa davam edir.

Xüsusilə son zamanlarda Moskva və Parisin bir çox regionda üz-üzə gəldiyinin şahidi oluruq. Hətta nazirliklər və prezidentlər səviyyəsində də belə qarşılıqlı ittihamların, tənqidlərin səsləndiyini görürük. Axırıncı bəyanatlarda da bu özünü açıq şəkildə biruzə verir.

Maraqlıdır, Rusiya və Fransa arasındakı gərginliyin əsas səbəbi nədir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rizvan Hüseynov bildirib ki, Fransa ilə Rusiya arasında bir müddətdir gərginlik yaşanır:

334680

"Bu səbəblərdən biri Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Rusiyanın işğalı başlayanda Fransa onu dəstəkləməyə çalışsa da, sonra mövqeyini tam şəkildə dəyişdi. Buna cavab olaraq da Rusiya Fransanın Afrikadakı dayaqlarını sıxmağa başladı. Bir neçə fransayönümlü Afrika ölkəsində hərbi çevriliş baş verdi və Fransaya yaxın hakimiyyətlər devrildi. Bunların arxasında isə Rusiya və "Vaqner" özəl hərbi şirkətinin rolu var. Ona görə də tərəflər arasındakı münasibətlər gərginləşib".

Ekspert vurğulayıb ki, Rusiya ilə Fransa arasındakı mübarizəni Cənubi Qafqazda da görürük:

"Bu səbəbdən də Rusiya ermənipərəst Fransadan fərqli olaraq, get-gedə Azərbaycan-Ermənistan arasındakı məsələlərdə daha neytral mövqe tutmağa çalışır. Hazırda regionda Rusiya ilə Fransanın maraqları toqquşur.

İstər Aralıq dənizində, istər Afrikada, istər Cənubi Qafqazda, istərsə də Yaxın Şərqdə Rusiya bəzi məqamlarda Türkiyə ilə daha əlverişli mövqe tutur. Tərəflər birgə və ya bir-birlərinə daha neytral mövqedən çıxış edirlər. Üstəlik, Türkiyə ilə Rusiya həmin regionlardan Fransanı sıxışdırıb çıxarır. Gərginliyin əsas səbəblərindən biri də budur".

Pərviz

0