Yalnız yumurta ilə qidalanır: Efiopiyada yeni ilan növü aşkarlandı

DÜNYA
09:09 / 19.09.2026
41

Efiopiyanın Harena meşəsində alimlər yalnız quş yumurtaları ilə qidalanan yeni ilan növü aşkarlayıblar. Dasypeltis albigularis adlandırılan sürünən “ağboğaz yumurta yeyən” kimi xarakterizə olunur.

HİT.az xəbər verir ki, yeni növ yumurta ilə qidalanan və insanlar üçün zərərsiz Afrika ilanlarının qrupuna daxildir. Bu ilanların yumurta yeməsinə xüsusi anatomik quruluş imkan verir. Onlar boğaz nahiyəsindəki uyğunlaşmış fəqərələrdən istifadə edərək yumurtanın qabığını sındırır, daha sonra isə onu bütöv şəkildə udurlar.

Yeni növ Dasypeltis cinsinin məlum olan təxminən 20 digər nümayəndəsinə qoşulub. Bu qrupdakı ilanların bir çoxunu zahiri görünüşünə görə bir-birindən ayırmaq çətindir. Onların əsasən qara, qəhvəyi və ya boz rəngdə olması və ciddi xarici fərqlərinin olmaması müəyyənləşdirməni çətinləşdirir.

Araşdırmaya Almaniyanın Fridrix-Aleksandr Erlangen-Nürnberq Universitetindən Artur Tyutenko rəhbərlik edib. Alim yeni ilanı ilk dəfə Harena meşəsində əldə etdiyi cavan dişi nümunəni araşdırarkən fərq edib.

Tədqiqatçı əvvəlcə onun artıq məlum olan növlərdən birinə aid olduğunu düşünüb. Lakin ilan böyüdükcə morfoloji xüsusiyyətlərində fərqlər müşahidə olunub.

Daha sonra alim onu yaxın qohum növün erkəyi ilə cütləşdirib. Alınan balalarda hər iki valideynin xüsusiyyətlərinin görünməsi ilan populyasiyasının ayrıca növ ola biləcəyinə dair ilk əlamətlərdən biri olub.

Yeni növün statusunun təsdiqlənməsi üçün alimlər mitoxondrial və nüvə DNT-sini analiz edib, morfoloji müqayisələr aparıb və ilanların çoxalmasını müşahidə ediblər. Bu proses ümumilikdə yeddi il davam edib.

Dasypeltis albigularis bədəninin pulcuqları arasında görünən açıq, bəzən maviyə çalan dərisi, ağ boğazı və qarın hissəsi ilə seçilir. Növün elmi adı da məhz “ağ boğazlı” mənasını verir.

Yeni ilanın dişilərinin uzunluğu 92 santimetrə qədər çata bilir. Bu göstərici onun yaxın qohumlarından, o cümlədən Dasypeltis atra növündən bir qədər kiçikdir.

İlanlar dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə yerləşən sıx meşələrdə yaşayır. Bölgədə yabanı qəhvə bitkiləri də geniş yayılıb. Yeni növün əsas qida mənbəyini isə ağaclarda yuva quran quşların yumurtaları təşkil edir.

Tədqiqatçı Artur Tyutenkonun sözlərinə görə, Dasypeltis albigularis onun təsvir və elmi ad verdiyi 20-ci taksondur. Alim daha beş-altı növ və bir yarımcinsin də rəsmi şəkildə dərc edilməsini gözlədiyini bildirib.

Samir

0