Zelenski getsə, müharibə bitəcək? - ŞƏRH

DÜNYA
11:50 / 22.11.2023
1040

Son zamanlarda Rusiya-Ukrayna müharibəsinin bitə biləcəyi ilə bağlı bir sıra iddialar gündəmi zəbt edib. 

Heç şübhəsiz ki, onların başında Ukrayna Prezidenti Volodomir Zelenskinin hakimiyyətdən gedəcəyinin önə sürülməsidir. Bəzi Qərb mənbələri hesab edir ki, Zelenski hakimiyyətdən gedəcəyi təqdirdə, müharibə başa çatacaq. Onun yaxın perspektivdə vəzifəsindən gedəcəyi və müharibənin dayanacağı iddiaları sürətlə yayılır. 

Həqiqətən Zelenski hakimiyyətdən getsə, Rusiya-Ukrayna müharibəsi bitə bilər?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Rusiya-Ukrayna müharibəsi Zelenskinin hakimiyyətdən gedib-getməyəcəyindən və ya onun fiziki cəhətdən aradan götürülməsindən asılı deyil:

338347

"Faktiki olaraq, müharibə nəticəsində Ukrayna ərazisinin beşdə biri işğal olunub. Rusiyanın hərbi təcavüzü nəticəsində onminlərlə ukraynalı həyatını itirib. Belə olan halda, Zelenski getsə belə heç nə dəyişməyəcək. Əgər Rusiya Zelenskinin hakimiyyətdən getməsi ilə Ukrayna ərazilərindən çıxacağını bəyan edəcəksə, bu ehtimal gündəmə gələ bilər. Amma hazırda belə bir məsələ yoxdur. 

Əks təqdirdə, Kreml bunu indiyə kimi elan edərdi. Hətta Zelenski də çox rahat şəkildə öz istəyi ilə vəzifəsindən istefa verərdi. Yəni Zelenskinin əsas məqsədi Rusiyanın işğal etdiyi əraziləri azad etmək olduğu üçün rahatlıqla geri çəkilə bilərdi".

Ekspert hesab edir ki, Zelenskinin yerində kim olur-olsun işğalla barışmayacaqlarsa, müharibə davam edəcək:

"Ümumiyyətlə, bu gün Ukrayna Prezidenti olacaq hansısa şəxsin Rusiyanın işğalı ilə barışmaq perspektivi yoxdur. Çünki belə bir şəxsə Ukrayna ictimaiyyəti də etimad göstərməz. Hər nə qədər orada Rusiyayönümlü şəxslər olsa da, əhalinin böyük əksəriyyəti bu işğalla heç bir şəkildə barışa bilməz, habelə onunla razılaşacaq hər hansısa şəxsi də prezident etməz. Bu baxımdan, Rusiya-Ukrayna müharibəsinin bitməsinin Zelenskinin prezident olub-olmaması və ya onun yaşaması ilə heç bir əlaqəsi yoxdur".

Pərviz

0