İkiqat olimpiya çempionuna Kapitoli hücumuna görə hökm oxundu - FOTO

20:34 / 02.12.2023
308

Üzgüçülük üzrə estafet yarışında ikiqat Olimpiya çempionu (2004, 2008) Klit Keller 6 yanvar 2021-ci ildə Vaşinqtonda iğtişaşlarda iştirak etdiyinə görə üç il şərti həbs cəzasına məhkum edilib.

HİT.az oxu.az-a istinadən xəbər verir ki, 41 yaşlı keçmiş üzgüçüyə, həmçinin 6 ay ev dustaqlığı verilib. O, eyni zamanda 360 saatlıq ictimai işləri yerinə yetirməli olacaq.

Əynində ABŞ yığma komandasının gödəkçəsi olan ikiqat dünya çempionu videoda Donald Trampın digər tərəfdarlarının əhatəsində Kapitolinin rotondasında (dairəvi giriş hissəsində) görüntülənib.

Kellerə qarşı yeddi federal ittiham irəli sürülüb, lakin prokurorluqla əldə olunan razılaşmaya əsasən, o, yalnız bir fakt üzrə günahını etiraf edib - Kapitoliyə qanunsuz daxil olmaq. Bu maddə üzrə maksimum cəza isə 20 il həbsdir.

Lakin təslim olduqdan sonra hökumətlə fəal əməkdaşlığı və etdikləri üçün səmimi peşmanlığı nəzərə alınaraq, hakim ona xeyli yüngül cəza verib.
Keller məhkəmədə hərəkətlərinin cinayət əməli olduğunu başa düşdüyünü və baş verənlərə görə məsuliyyəti üzərinə götürdüyünü deyib. Daha sonra isə qanunvericilər və Amerika xalqı qarşısında üzr istəyib.

Xatırladaq ki, Klit Keller Kapitolidən çıxandan sonra olimpiya gödəkçəsini zibil qutusuna atıb və mobil telefonunu çəkiclə sındırıb. Lakin bir həftə sonra keçmiş üzgüçü vicdan əzabına dözə bilməyib hakimiyyət orqanlarına təslim olub.

0