\"Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırır\" - AÇIQLAMA

13:32 / 01.04.2024
211

"Nikol Paşinyanın hakimiyyəti dövründə Ermənistanın götürdüyü siyasi xətt Rusiyanın orbitindən çıxmağa hesablanıb".

Bunu Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Paşinyan Ermənistanı Rusiyanın forpostundan çıxarmağa çalışır:

"Ermənistan müstəqil ölkə kimi hərəkət etməyi hədəfləsə də, əslində Qərbin orbitinə girmək və onların diqtə etdiyi siyasəti yürütmək xəttini tutub. Halbuki, bu xətt uzun müddət öncə sözügedən ölkədə başlamışdı".

Ekspert xatırladıb ki, bu məsələ hələ Serj Sarkisyan Ermənistana rəhbərlik edərkən gündəmə gəlmişdi:

"Hətta Gürcüstandan sonra Qərbə inteqrasiya edən ölkənin Ermənistan ola biləcəyi deyilirdi. Üstəlik, 2013-cü ildə rəsmi İrəvanla Qərb təsisatları arasında danışıqlar aparılırdı. Lakin Rusiya o zaman proseslərə təsir göstərə bildi. Ona görə də Kreml məcburi şəkildə Ermənistanı Avrasiya İqtisadi İttifaqına qəbul etdirdi. 

346956

2015-ci ildə də bənzər məsələlər gündəmə gəldi. Proseslərin nəticəsi olaraq Sarkisyan respublika idarəetmə formasını dəyişərək, parlamentli respublika modelinə keçid etdi. O, Qərbyönümlü siyasət yürütməyə cəhd etdiklərini göstərməyə çalışırdılar. Amma bu, nəticə vermədi və 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi". 

Xəyal Bəşirov qeyd edib ki, Paşinyan da bunu bildiyinə görə açıq şəkildə Qərbyönümlü siyasət və anti-Rusiya xəttini tutmağa cəhd göstərdi:

"Lakin Rusiyanın bu günə qədər ona qarşı çıxmağa cəhd edən dövlətlərə hansı münasibəti sərgilədiyini bilirik. Moldova, Gürcüstan və Ukraynada hansı proseslərin baş verdiyi məlumdur. Düzdür, həmin dövlətlərin heç biri Ermənistan qədər Rusiyadan asılı deyildilər. Ona görə də Kremlin İrəvana cavabının onlardan daha sərt olacağını düşünürəm.

Çünki hazırda Ermənistanın bütün istiqamətlərdə təhlükəsizliyini təmin edən dövlət Rusiyadadır. Anti-Rusiya meyillərinin ortaya qoyulması və Qərbə yönəlik siyasət yürütməyin cavabını da sərt formada verəcək".

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, Ermənistan Qərbə inteqrasiya olmağa start verib:

"Lakin bu, çox uzun müddətə başa gələcək. Həmçinin, Ermənistanın Rusiyaya qarşı hazırlanması prosesin yekunlaşması uzun illər alacaq. Kreml də buna səasiz qalmayacaq və addımlar atacaq". 

Pərviz

0