Misir mumiyaları qədim misirlilərin timsahları necə balzamladığını üzə çıxardı

DÜNYA
18:00 / 13.11.2026
32

Qədim Misirdə müqəddəs hesab edilən timsahların mumiyalanması zamanı müxtəlif bölgələrdə fərqli qarışıqlardan istifadə olunub. Alimlər minilliklər əvvəl tətbiq edilən balzamlama üsullarının sirlərini mumiyaların kimyəvi təhlili nəticəsində üzə çıxarıblar.

HİT.az xəbər verir ki, araşdırma London Britaniya Muzeyinin kimyaçıları tərəfindən İrlandiyanın Kuins Universitetinin mütəxəssislərinin iştirakı ilə aparılıb. Nəticələr “Scientific Reports” jurnalında dərc olunub.

Qədim Misirdə timsahlar Sebek tanrısı ilə əlaqələndirilirdi. Buna görə də bu heyvanlar müqəddəs sayılır, minlərlə timsah mumiyalanırdı. Onların bir qismi məbədlərdə saxlanılan müqəddəs heyvanlar, digərləri isə zəvvarların tanrıya təqdim etdiyi qurbanlar olub.

Tədqiqatçılar ümumilikdə yeddi timsah mumiyasını araşdırıblar. Onlardan üçü yeni doğulmuş balaların bükülmüş qalıqları, ikisi Orta Misirdə yerləşən Manfalutdan tapılmış yeniyetmə timsahlar, digər ikisi isə Asuanın şimalındakı Kom-Ombo bölgəsindən olan, uzunluğu təxminən dörd metrə çatan yetkin heyvanlar olub.

Mumiyalardan birinin kürəyində 20-dən çox kiçik timsahın qalıqları da aşkarlanıb. Alimlər ehtimal edirlər ki, balzamlayanlar balaları ana timsahın üzərində təbii şəraitdə olduqları vəziyyətə bənzər formada yerləşdiriblər.

Kimyəvi analiz nəticəsində məlum olub ki, bütün timsahların mumiyalanmasında şamkimilər fəsiləsinə aid iynəyarpaqlı ağacların qatranından istifadə edilib. Lakin qarışıqların tərkibi bölgələrə görə fərqlənib.

Kom-Ombo bölgəsindəki yetkin timsahlar arı mumu və şam qatranı, yaxud qatran və qətran qarışığına az miqdarda sidr qətranı əlavə edilməklə balzamlanıb. Manfalutdan tapılan yeniyetmə timsahlarda isə əsasən sidr qətranından istifadə edilib. Yeni doğulmuş balaların qalıqlarında yalnız iynəyarpaqlı ağac məhsullarının izləri aşkarlanıb. Digər Misir mumiyalarında istifadə edildiyi məlum olan bitum isə bu nümunələrdə tapılmayıb.

Araşdırmanın ən maraqlı nəticələrindən biri Kom-Omboda eyni balzamlama reseptinin bir neçə əsr ərzində qorunub saxlanılmasıdır. Tədqiq edilən mumiyalardan ən qədimi e.ə. 792-542-ci illərə aid edilir. Eyni məbəddən tapılan daha gec dövrə aid nümunələr isə yunan-Roma dövrünə aiddir.

Bu fakt həmin ərazidə özünəməxsus balzamlama məktəbinin mövcud olduğunu və biliklərin nəsildən-nəslə ötürüldüyünü göstərir. Maraqlıdır ki, istifadə edilən iynəyarpaqlı ağaclar Yuxarı Misirdə bitmədiyindən onların qatranı Aralıq dənizi hövzəsindən gətirilirdi.

Alimlərin bildirdiyinə görə, Qədim Misirdə heyvanların kütləvi mumiyalanması eramızdan əvvəl I minilliyin ikinci yarısında geniş yayılıb. Proses insanların mumiyalanmasına bənzəyib: daxili orqanların çıxarılması, bədənin duzlarla qurudulması, qatranlarla işlənməsi və parça ilə sarılması.

Tədqiqatın nəticələri qədim Misirdə müxtəlif bölgələrə məxsus balzamlama ənənələrinin mövcudluğunu təsdiqləyir. Alimlər hesab edirlər ki, gələcəkdə mumiyalarda aşkarlanan kimyəvi izlər mənşəyi məlum olmayan qədim qalıqların hansı bölgədə hazırlandığını müəyyənləşdirməyə də kömək edə bilər.

Samir
 

0