Ukraynanın Rusiyaya daxil olmasının ƏSAS 2 SƏBƏBİ

DÜNYA
12:07 / 14.08.2024
322

"Hazırda Ukrayna ordusu tərəfindən Rusiya ərazisində kifayət qədər yaxşı planlaşdırılmış və düşünülmüş əməliyyat həyata keçirilir". 

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib. 

O, Ukrayna ordusunun bu əməliyyatının əsas səbəblərindən bəhs edib:

"Ukrayna ordusunun Rusiya ərazisinə daxil olmasının arxasında dayanan ən vacib səbəblərdən biri 2 ildən artıqdır davam edən müharibəni Rusiyanın ərazisinə keçirməkdir. Rəsmi Kiyev bununla da rus qoşunlarının Ukrayna ərazilərində irəliləməsinin qarşısını almağa çalışır. 

Nəzərə almaq lazımdır ki, bu hücumdan əvvəl Rusiya qoşunları ləng də olsa Ukrayna ərazilərində irəliləməkdə davam edirdi. İndi isə Ukrayna Belarus istiqamətindəki qoşunları Rusiyanın Kursk bölgəsinə göndərdi. Bununla da rusların Ukraynada irəliləyən qüvvələrinin geri çəkilib həmin istiqamətdəki hücumun qarşısını almağa çalışacaqlar". 

355947

Ekspert qeyd edib ki, Ukraynanın bu hücumu müharibənin gedişatına təsir göstərəcək:

"Rus hərbçiləri geri çəkildikcə Ukrayna işğal olunmuş ərazilərini azad etmək üçün yeni hücumlar edə bilər. Ukraynanın başlıca hədəfi də məhz budur. Hazırda Ukrayna ərazilərindəki rus qoşunlarının irəliləməsinin qarşısını alır. Üstəlik, Kiyev hakimiyyəti danışıqlar masasına hər iki tərəfin də ələ keçirdiyi ərazilərdən geri çəkilməsi tələbini irəli sürmək haqqı əldə edəcək". 

Həmsöhbətimiz bildirib ki, burada psixoloji amilləri də nəzərə almaq lazımdır:

"Çünki müharibənin Rusiyanın ərazisinə keçirilməsi rus vətəndaşların narahatlığına səbəb olacaq. Artıq son günlərdə Rusiyanın bir çox bölgəsində insanlar təxliyə olunmağa başlayıb. Bu isə istər-istəməz Rusiya cəmiyyətini hakimiyyətə qarşı yönəldəcək. Hətta proseslər vətəndaşların etirazına da çevrilə bilər. Bu da indiki halda Vladimir Putin hakimiyyətinin ziyanına olar". 

Pərviz

0