"Hesab edirəm ki, artıq Üçüncü Dünya müharibəsi başlayıb".
Bu sözləri "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, sadəcə bunun rəsmən elan olunması qalıb:
"Amma hazırda faktiki olaraq Üçüncü Dünya müharibəsinin içindəyik. Yaxın Şərqdə, Şərqi Avropada və digər regionlarda baş verənlərin hamısı bu və ya digər formada bir-birilə əlaqəlidir. Məsələn, Cənubi Qafqaz Yaxın Şərqlə, Yaxın Şərq Mərkəzi Asiya ilə, Mərkəzi Asiyanın da hansısa formada Şərqi Avropa ilə əlaqəli olduğunu deyə bilərik".
Ekspert qeyd edib ki, müxtəlif bölgələrdə baş verənlərin birini digərindən ayrı təsəvvür etmək mümkün deyil:
"ABŞ Ermənistan vasitəsilə Cənubi Qafqazı qarışdırmağa çalışır. Eyni zamanda, İranı da Yaxın Şərqdəki müharibəyə çəkməyi hədəfləyir. Ağ Ev Şərqi Avropada Ukraynanın əli ilə etdiyini indi də Yaxın Şərqdə İsrailin vasitəsilə etmək istəyir. Yəni ABŞ İsrailin əli ilə İranı müharibəyə çəkmək niyyətindədir. Ssenari isə eynidir".
Kənan Novruzov düşünür ki, dünyada yeni geosiyasi sistem formalaşır:
"Sanki dünya yenidən bölüşdürülür. Bu proseslərin sonunda yeni dövlətlərin yaranacağı da istisna deyil. Hətta bəzi dövlətlər xəritədən silinəcək. Hazırda davam edən müharibələrə başqa ölkələr qoşulduqca isə dünyadakı qütbləşmə güclənəcək. Bütün bunlar da Üçüncü Dünya müharibəsinin başladığını deməyə əsas verir".
Pərviz