Azərbaycanda dollara tələb niyə azalıb?

İQTİSADİYYAT
21:35 / 09.09.2026
43

Ötən ay Mərkəzi Bank bu il ərzində üçüncü dəfə valyuta bazarına müdaxilə edib. Məlumat Mərkəzin Bankın yaydığı açıqlamada əksini tapıb.

Açıqlamada bildirilir ki, tədiyə balansının cari əməliyyat hesabında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklif tələbi üstələyib.

Bu şəraitdə cari ilin avqust ayında Mərkəzi Bank tərəfindən 1,5 milyard ABŞ dolları məbləğində alış yönlü müdaxilə həyata keçirilib. Nəticədə, cari ilin ötən dövründə Mərkəzi Bankın valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları məbləğində və ya 33 faiz artaraq tarixi maksimuma - 15,3 milyard ABŞ dollarına yüksəlib.

Tənzimləyici qeyd edir ki, valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin bundan sonra bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.

Qeyd edək ki, Mərkəzi Bank bu ilin aprelində bazardan 1 milyard dollar, iyununda isə 394 milyon dollar almışdı.

Qurumun rəhbəri Taleh Kazımov bildirib ki, 2026-cı ilin ilk yeddi ayında Azərbaycanın valyuta bazarında təklif tələbdən yüksək olub. Qeyri-neft valyuta bazarında təklif tələbi 500 milyon ABŞ dollarından çox üstələyib.  2026-cı ilin birinci yarısında keçirilən valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb. Halbuki 2025-ci ilin eyni dövründə bu göstərici 2,7 milyard dollar, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard dollar təşkil edib.

Ölkədə dollara tələbin belə kəskin azalması bankların nağd dollar ticarətində də əksini tapıb. Belə ki, Mərkəzi Bankın məlumatına əsasən cari ilin yanvar-iyulunda əhali banklardan 669,4 milyon dollar alıb, 1 milyard 115 milyon dollar satıb. Nəticədə, bankların nağd valyuta alışı satışdan 445,6 milyon dollar çox olub.

Ümumilikdə, nağd valyuta ticarətinin həcmi illik ifadədə azalıb. Ötən ilin 7 ayında bankların nağd xarici valyuta satışı 1 milyard 156,7 milyon dollar, alışı isə 1 milyard 177,8 milyon dollar təşkil etmişdi. Bu, əhali tərəfindən nağd valyuta alışının 42 faiz, satışının isə 5 faiz azalması deməkdir.

Hökumət və Mərkəzi Bank Azərbaycanda dollara tələbin azalmasının əsas səbəbi kimi manata inamın artmasını qeyd edirlər. Bu, banklara əmanət qoyan fiziki şəxslərin – unikal əmanətçilərin sayının 7 ayda 100 mindən çox artaraq 221 mini keçməsi ilə əsaslandırılır. Bildirilir ki, əhali yastıq altındakı dollarlarını sataraq, manat şəklində banklara əmanət edir. Nəticədə bu il avqustun 1-nə ev təsərrüfatlarının əmanətləri 15,8  faiz artaraq 17 milyard 896,7 milyon manata çatıb. Bu zaman dollarla qoyulan əmanətlərin ümumi əmanətlərdəki payı iyun ayının sonuna 3,8 faiz bəndi azalmaqla 25,6 faiz olub. Lakin maraqlıdır ki, əhalinin banklara valyuta satışında məbləğ baxımından əmanətlərin həcmindəki yüksək artımın əksinə olaraq azalma qeydə alınıb. Bu isə rəsmi əsaslandırmanı ciddi sual altına alır.

Digər bir səbəb kimi idxalın azalması çıxış edir: Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyulunda  Azərbaycanın xarici ticarətində 9 milyard 454, 9 milyon ABŞ dollarına yaxın müsbət saldo yaranıb. Bu dövrdə Azərbaycanın ticarət dövriyyəsi illik müqayisədə 6,9 faiz artaraq 30 milyard 17,4 milyon dollar təşkil edib. Bu zaman ixracın dəyəri 39,1 faiz artaraq 20 milyard 136,7 milyon dollar olub. İdxalın dəyəri isə 27,4 faiz azalaraq 9 milyard 880,7 milyon dollar təşkil edib. Bu göstəricilərə ötən ilin eyni dövründə Dövlət Neft Fondunun xaricdən aldığı qızılın ciddi təsiri var: İdxalın azalması demək olar ki, bütünlüklə Fondun qızıl alışlarının bu il tam dayanması ilə bağlıdır. Eyni zamanda bu ilki ixracın 3,6 milyard dolları bilavasitə Neft Fondunun satdığı monetar qızılın dəyəridir.

İlkin məlumatlara görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz artaraq 2,81 milyard ABŞ dolları təşkil edib. Avqust ayında ABŞ-İran münaqişəsi nəticəsində neft qiymətlərindəki yüksəlmə fonunda neft-qaz ixracında da dəyər baxımından ciddi artımın olduğunu söyləmək olar.

Azərbaycan hökuməti artıq bu artımı büdcə göstəricilərinə daxil edib. Hökumətin məlumatına görə, yanvar-iyulda Azərbaycanda əmtəəlik neft hasilatı 15,5 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 22,8 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,0 faiz artıb.İxrac statistikasına əsasən ölkənin neft ixracı 2025-ci ilin 7 ayındakı 14,47 milyon tondan bu ilin eyni dövründə 12,72 milyon tona qədər, yaxud 12,1 faiz azalıb. Buna baxmayaraq, xam neftdən əldə olunan gəliri 7,66 milyard dollardan 8,03 milyard dollara qədər, yaxud 4,9 faiz artıb.

Yeddi ayda Azərbaycanın qaz ixracı cəmi 0,1 faiz artaraq, 14,43 milyard kubmetrə yüksəlsə də, bu satışdan daxil olan gəlir 7,3 faiz azalmaqla 5,27 milyard dollardan 4,88 milyard dollara düşüb. Bu, uzunmüddətli müqavilələr üzrə dəyərin neft qiymətlərinə bağlı olmasından qaynaqlanır: neft qiymətlərindəki dəyişiklik belə müqavilələr üzrə dəyərə 6 aydan sonra təsir edir. Buna görə də Azərbaycan hökuməti ilin ikinci yarısı üzrə “Şahdəniz”dən büdcəyə daxilolmalara dair proqnozunu artırıb. Hökumət gözləyir ki, ilin yekununda büdcəyə neft-qaz sektoru üzrə gözlənilən vergi daxilolmalarının 2 milyard manatı “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edəcək ki, bu da ilin əvvəlindəki proqnozdan 400 milyon manat yüksəkdir.

Dollar alışını azaldan daha bir səbəb ölkədən xaricə səfər edənlərin sayındakı azalmadır. Rəsmi statistikaya əsasən yanvar-iyulda Azərbaycandan xaricə gedənlərin sayı 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2,4 faiz, yaxud 28 mindən çox azalaraq 1 milyon 160,1 min nəfər təşkil edib.

Mənbə: Musavat.com

0