Alimləri təəccübləndirən balıq: Yan və geriyə doğru hərəkət edə bilir

DÜNYA
18:59 / 09.09.2026
39

Alimlər dənizin dibində hərəkət edə bilən qeyri-adi balıq növü ilə bağlı yeni xüsusiyyət aşkar ediblər. Məlum olub ki, “dəniz xoruzu” kimi tanınan bu canlı yalnız irəli deyil, həm də yana və geriyə doğru hərəkət edə bilir.

HİT.az xəbər verir ki, söhbət təxminən 25 santimetr uzunluğa çatan **Scalicus engyceros** növündən gedir. Bu balığın döş üzgəclərində xüsusi şüalar yerləşir və həmin strukturlar ona okeanın dibindəki lil və qum üzərində “yeriməyə” imkan verir.

Əvvəllər dənizin dibində yeriyə bilən balıqların əsasən yalnız irəli hərəkət etdiyi düşünülürdü. Lakin Cənubi Çin dənizində aparılan yeni müşahidələr zamanı **Scalicus engyceros**-un xərçəng kimi yana, eləcə də geriyə doğru hərəkət etdiyi qeydə alınıb.

Tədqiqatın aparıcı müəllifi Han Tian bildirib ki, bu xüsusiyyət elmə əvvəllər məlum olmayan hərəkət formasıdır. Alimin sözlərinə görə, canlı balıq və krevetin xüsusiyyətlərini birləşdirirmiş kimi göründüyündən bəzi yerli media onu “balıq-krevet hibridi” adlandırıb.

Tədqiqatçılar dənizin dərinliklərini öyrənmək üçün xüsusi sualtı aparatlarından istifadə edərək Cənubi Çin dənizinin şimal hissəsində üç ərazidə müşahidələr aparıblar.

Balığın döş üzgəclərindəki xüsusi şüalar onun dəniz dibində hərəkət etməsinə kömək edir. Üzgəclər təkcə hərəkət üçün deyil, həm də tarazlığın qorunması üçün istifadə olunur.

Balığın başının hər iki tərəfində yerləşən bığabənzər çıxıntılar da diqqət çəkir. Onlar torpaqda qida axtarmağa imkan verir. Bu strukturlar dəniz dibindəki çöküntüləri hiss edir və potensial ovun yerini müəyyənləşdirməyə kömək edir.

Alimlərin fikrincə, bu xüsusiyyətlər qida axtarışı baxımından mühüm üstünlük yaradır. Balıq lazım gəldikdə torpağın səth qatına da daxil olaraq ovunu axtara bilir.

Qeyri-adi balığın hərəkət sistemi bununla məhdudlaşmır. Onun üzgəc şüaları və quyruğu təhlükə zamanı qəfil, partlayış xarakterli sıçrayışlar etməsinə imkan verir.

Bu hərəkətlər krevetlərin təhlükədən yayınarkən nümayiş etdirdiyi davranışa bənzəyir. Beləliklə, balıq həm dənizin dibində “yeriyə”, həm üzə, həm də təhlükə zamanı sürətlə uzaqlaşa bilir.

Scalicus engyceros növü ilk dəfə 1872-ci ildə alman-britaniyalı zooloq Albert Günter tərəfindən təsvir edilib. Lakin onun yana və geriyə doğru hərəkət edə bilməsi indiyədək müşahidə olunmayıb.

Tədqiqatçılar hesab edirlər ki, dərin dəniz canlılarını onların təbii mühitində canlı şəkildə müşahidə etmək növlərin necə uyğunlaşdığını və təkamül etdiyini daha yaxşı anlamağa imkan verir.

Alimlərin fikrincə, dənizin dibində hərəkət edə bilən balıqların davranış və təkamül uyğunlaşmaları əvvəllər düşünüldüyündən daha mürəkkəb ola bilər.

Yeni müşahidələrin dərin dəniz ekosistemlərinin öyrənilməsinə və ekstremal şəraitdə unikal bioloji strukturların necə formalaşdığının anlaşılmasına töhfə verəcəyi gözlənilir.

Samir
 

0