Fransa Avropaya "arxadan zərbə" vurmaqda ittiham etdi

DÜNYA
18:57 / 21.01.2025
60

Fransanın müdafiə naziri Sebastien Lekornu bildirib ki, ABŞ-ın hərbi prioritetlərinin Avropadan Asiya-Sakit Okean regionuna keçməsi avropalılar üçün “arxadan ciddi zərbə” olub. 

Hit.z xəbər verir ki, eyni zamanda, onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp andiçmə mərasimində çıxışında Rusiya-Ukrayna münaqişəsini qeyd etməyib ki, bu da Vaşinqton tərəfindən Avropaya marağın azaldığını göstərir.

Fransanın müdafiə naziri "France Inter" televiziyasına verdiyi müsahibədə ABŞ-ın yeni administrasiya dövründə daha da güclənəcəyini dediyi Asiya-Sakit Okean regionuna diqqətinin avropalılara öz müdafiələrinə diqqət yetirmələri üçün “güclü stimul” verdiyini söyləyib.

Sebastien Lekornu vurğulayıb ki, strateji nöqteyi-nəzərdən Avropa təhlükəsizlik sferasında daha çox muxtariyyət əldə etməyə çalışmalıdır:

"Birləşmiş Ştatlardan daha çox silah almaq istəyi yanlış yoldur. Onilliklər ərzində Amerikanın nüvə çətiri altına sığınmaq istəyi var idi. İndi Avropa ölkələri öz müdafiə sənayesini inkişaf etdirmək üçün daha çox iş görməlidir”.

Dünən, yanvarın 20-də Fransa prezidenti Emmanuel Makron Avropanı “ayılmağa” və müdafiə sektorunda öz maraqlarının qorunmasına daha çox diqqət yetirməyə çağırıb. O, Fransa silahlı qüvvələrinə illik müraciəti zamanı müvafiq bəyanatla çıxış edib. Fransa liderinin sözlərinə görə, Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsi “Avropanın strateji oyanışı üçün fürsətə” çevrilə bilər.

Samir

0