ABŞ və Avropa İttifaqı arasında ticarət müharibəsinin mümkün eskalasiyası transatlantik iqtisadiyyat üçün ciddi itkilər təhlükəsi yaradır.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" Aİ-dəki Amerika Ticarət Palatasının hesabatına istinadən məlumat yayıb.
Palatanın ekspertləri hesab edirlər ki, yeni tariflər 9,5 trilyon dollara çatan transatlantik biznesin illik həcmini azalda bilər.
2024-cü ildə ABŞ və Aİ arasında ticarət dövriyyəsi rekord həddə 2 trilyon dollara çatsa da, Vaşinqtonun polad və alüminiuma rüsumlar tətbiq etməsi, eləcə də Avropa şərabları və spirtli içkilərə əlavə tarif məhdudiyyətləri tətbiq etmək təhlükəsi müsbət dinamikanı tamamilə kompensasiya edə bilər.
Hesabatda vurğulanır ki, transatlantik biznesin əsas hissəsi yeni tariflərdən dağıdıcı şəkildə təsirlənəcək investisiya və şirkətdaxili ticarətdən gəlir.
Hesabatın aparıcı müəllifi Daniel Hamilton şirkətdaxili ticarətin ixracın müvafiq olaraq 90%-ni və 60%-ni təşkil etdiyi İrlandiya və Almaniyanın xüsusi zəifliyini qeyd edib. Yeni tariflərin təsiri xidmətlər, enerji və ABŞ-dan mayeləşdirilmiş təbii qazın tədarükü də daxil olmaqla, iqtisadiyyatın bütün sektorlarını əhatə edəcək.
Fevralın 11-də ABŞ prezidenti Donald Tramp ölkəyə idxal olunan polad və alüminiuma 25% rüsum tətbiq edən fərman imzalayıb.
Samir