Nüvə təhlükəsizliyi təhlükə altında: Rusiya AES-lər üzərindən qəsdən raket və dronlar buraxır

DÜNYA
18:00 / 22.04.2026
48

Rusiya Ukraynadakı Çernobıl AES və digər nüvə obyektlərinə yaxın trayektoriyalarla raket və dronlar buraxıb ki, bu da ciddi qəza riskini artırır. 

HİT.az xəbər verir ki, bu barədə baş prokuror Ruslan Kravçenko "Reuters"ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, genişmiqyaslı işğalın başlanğıcından bəri həm Çernobıl, həm də Xmelnitski AES “Kinjal” hipersəs raketlərinin uçuş marşrutlarına daxil olub. Ümumilikdə 35 belə raketin həmin obyektlərdən təxminən 20 km məsafədə uçduğu qeydə alınıb. Onlardan 18-i eyni uçuş zamanı hər iki stansiyanın yaxınlığından keçib.

“Bu cür buraxılışları heç bir hərbi zərurətlə izah etmək mümkün deyil. Aydındır ki, nüvə obyektlərinin üzərindən uçuşlar yalnız qorxutma və terror məqsədi daşıyır”, deyə Kravçenko bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyində (MAQATE) isə qeyd olunur ki, AES-lərin yaxınlığında hərbi aktivlik və nüvə təhlükəsizliyi üçün vacib olan enerji infrastrukturuna hücumlar mütəmadi qeydə alınır. Agentliyin baş direktoru Rafael Qrossi tərəfləri nüvə qəzası riskinin qarşısını almaq üçün maksimum təmkinə çağırıb.

Kravçenko həmçinin bildirib ki, üç halda “Kinjal” raketləri uçuş zamanı sıradan çıxaraq Xmelnitski AES-dən təxminən 10 km məsafəyə düşüb. Bu qəzaların səbəbi məlum deyil, lakin ələ keçirilmə əlamətləri qeydə alınmayıb.

Raketlərlə yanaşı, 2024-cü ilin iyulundan bəri Çernobıl AES-in qoruyucu sarkofaqının 5 km radiusunda ən azı 92 Rusiya dronu aşkar edilib. Radarların bütün hədəfləri qeydə almaması səbəbindən real sayın daha yüksək ola biləcəyi bildirilir.

2025-ci ilin fevralında dronlardan biri dağıdılmış reaktor üzərindəki qoruyucu konstruksiyaya dəyib. Kreml isə məsuliyyəti rədd edərək Rusiya qüvvələrinin nüvə infrastrukturlarını hədəf almadığını və hadisəni “təxribat” adlandırıb.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) zərərin bərpasının ən azı 500 milyon avroya başa gələcəyini və təmir aparılmasa, dörd il ərzində konstruksiyada “geri dönüşü olmayan korroziya” başlayacağını açıqlayıb.

Ukrayna prokurorluğunun qiymətləndirməsinə görə, sarkofaqa zərbə çox güman ki, qəsdən edilib; buna dronun vurma bucağı dəlalət edir. Kravçenko Çernobıl ərazisinin Ukrayna Hava Hücumundan Müdafiə sistemlərindən yayınmaq üçün hücum marşrutu kimi istifadə oluna biləcəyini də istisna etmir.

Ukrayna geniş əraziyə görə hava hücumundan müdafiə vasitələrini əsasən yaşayış məntəqələri və kritik infrastruktur ətrafında cəmləşdirib.

Çernobıl zonası Belarus sərhədinə 10 km-dən az, Kiyevə isə təxminən 100 km məsafədə yerləşir və radioaktiv çirklənmiş təbiət ərazisi ilə əhatə olunub.

Samir
 

0