Son zamanlarda Polşa sürpriz bir istəklə dünya gündəminə düşüb.
Adıçəkilən dövlət nüvə ölkəsinə çevrilmək istəyir. Hətta ötən aylarda Polşa Prezidenti Karol Navrotski də bu hədəfini açıq şəkildə bəyan etmişdi. Hazırda Fransanın onların bu mövqeyinə dəstək verdiyi görünür. Lakin Polşanın nüvə dövlətinə çevrilmək cəhdi birmənalı qarşılanmır. Bəzi ekspertlər bunun mümkün olmayacağını belə düşünürlər...
Maraqlıdır, Polşa nüvə ölkəsinə çevrilə bilər? ABŞ, Rusiya və Çin kimi supergüclərin buna reaksiyası necə olacaq?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Polşanın nüvə silahı əldə etməsi indiki beynəlxalq sistemdə hüquqi və siyasi baxımdan çox çətin görünür:
“Ölkə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısıdır və bu sənəd nüvə silahı əldə etməyi qadağan edir. Real ehtimal daha çox NATO çərçivəsində “nuclear sharing” modelidir, yəni ABŞ-ın nüvə başlıqlarının Polşa ərazisində yerləşdirilməsi. Bu halda silah formal olaraq Polşaya məxsus olmur, amma onun infrastrukturunda yerləşir və potensial istifadə üçün hazırlıq görülür. Bu isə texniki baxımdan mümkündür, lakin ciddi geosiyasi gərginlik yaradır”.
Ekspert qeyd edib ki, böyük güclərin reaksiyası isə kifayət qədər sərt və prinsipial olar:
“Rusiya bunu birbaşa təhlükə kimi qəbul edərək xüsusilə Kalininqrad istiqamətində hərbi mövcudluğunu və nüvə komponentlərini gücləndirə bilər. Çin isə ümumiyyətlə nüvə silahlarının yayılmasına qarşıdır və belə addımı qlobal təhlükəsizlik üçün təhlükəli presedent kimi qiymətləndirər. ABŞ isə yalnız NATO daxilində nəzarətli yerləşdirməni dəstəkləyə bilər, amma Polşanın müstəqil nüvə silahı əldə etməsinə müsbət yanaşmaz. Ümumilikdə, bu məsələ daha çox siyasi mesaj xarakteri daşıyır və real nüvə silahlanmasına keçid ciddi beynəlxalq məhdudiyyətlərlə qarşılaşar”.
Elmir Mustafa



