ABŞ Hərbi Dəniz Qüvvələri “Castelion” şirkətinin hazırladığı “Blackbeard” adlı yeni hipersəs raketinin iri həcmdə alınmasına ciddi şəkildə hazırlaşır.
HİT.az xəbər verir ki, bu barədə “Defense Express” və “Naval News” məlumat yayıb.
Büdcə sənədlərinə əsasən, 2027-ci maliyyə ilindən başlayaraq 2031-ci ilə qədər mərhələli şəkildə ümumilikdə 3510 ədəd raketin satın alınması planlaşdırılır.
Məlumata görə, 2027-ci ildə 353 raketin 156 milyon dollara alınması nəzərdə tutulur. 2028-ci ildə 691, 2029-cu ildə 976, 2030-cu ildə 1115, 2031-ci ildə isə 1375 raketin satın alınması planlaşdırılır.
Bildirilir ki, “Blackbeard” raketləri ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş təyyarələrinə inteqrasiya ediləcək. Xüsusilə F/A-18E/F “Super Hornet” və ehtimal ki, F-35C qırıcıları üçün əsas hipersəs silahlarından biri ola bilər.
Bundan əlavə, raketin “HIMARS” reaktiv artilleriya sistemlərindən və gələcəkdə “Common Autonomous Multi-Domain Launcher (CAML)” adlı pilotsuz buraxılış platformasından da istifadə ediləcəyi gözlənilir. ABŞ Quru Qoşunlarının da bu versiya ilə maraqlandığı bildirilir.
Şirkət “Blackbeard” raketinin dəqiq texniki parametrlərini açıqlamır. Lakin ekspertlər onun imkanlarını digər sistemlərlə müqayisə edirlər. Məlumata görə, raketin imkanları “Precision Strike Missile (PrSM) Increment 4” sisteminin təxminən 80%-nə bərabər ola bilər; həmin sistemin 1000 km-ə qədər uçuş məsafəsinə malik olması gözlənilir.
Eyni zamanda, “Blackbeard”ın məsafəsinin “AGM-158C LRASM” gəmi əleyhinə raketinə bənzədiyi, yəni 370 km-dən çox, bəzi qiymətləndirmələrə görə isə 900 km-ə qədər ola biləcəyi bildirilir.
Raketin döyüş başlığının kütləsi rəsmi açıqlanmasa da, təxminən 43 kq (95 funt) olduğu qeyd edilir ki, bu da “HIMARS” üçün istifadə olunan GMLRS mərmilərindən təxminən iki dəfə azdır.
Samir


