Orbanın gedişi Ukraynanın AB üzvlüyü yolunda yeni imkanlar açır - "Politico"

DÜNYA
14:40 / 24.04.2026
46

Avropa İttifaqı Macarıstanın bloklayıcı mövqeyinin zəifləməsindən sonra Ukrayna və Moldovanın inteqrasiya prosesini sürətləndirməyə başlayıb. 

HİT.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Məlumata görə, əvvəllər Macarıstanın baş naziri Viktor Orbanın rəhbərliyi ilə Budapeşt Ukraynaya dəstək və Aİ-yə üzvlük danışıqlarının irəliləməsi ilə bağlı qərarları mütəmadi olaraq bloklayırdı. Lakin Macarıstanda siyasi vəziyyətin dəyişməsi ilə bu maneələr xeyli azalıb.

Bu fonda Aİ Ukrayna və Moldovanın üzvlük danışıqlarının növbəti mərhələlərinin hazırlanmasını sürətləndirib. Söhbət danışıqlar klasterlərinin mərhələli şəkildə açılmasından və iki ölkənin Avropa strukturlarına inteqrasiyasının dərinləşdirilməsindən gedir. Bununla belə, islahatlar və üzvlük meyarlarına uyğunluq tələbləri qüvvədə qalır.

Aİ rəsmiləri vurğulayırlar ki, genişlənmə prosesi hələ də siyasi baxımdan həssasdır və bütün üzv ölkələrin razılığını tələb edir. Lakin hazırkı vəziyyət Ukrayna və Moldovanın Avropa İttifaqına doğru irəliləməsi üçün yeni imkan pəncərəsi açır.

Daha əvvəl Viktor Orban Ukraynanın Aİ-yə üzvlük yolunda əsas maneənin müharibə olduğunu bildirmişdi. Onun sözlərinə görə, hətta müharibə bitdikdən sonra da Ukraynanın inteqrasiya prosesi uzun və çətin olacaq.

Mart ayında isə Brüssel Ukraynaya Avropa İttifaqına üzvlük üçün son üç danışıqlar klasteri üzrə şərtlər təqdim edib. Ukraynanın baş nazirinin sözlərinə görə, bu mərhələyə inklüzivlik, yaşıl gündəm və resurslar kimi sahələr daxildir.

Samir
 

0