Aİ Rusiya qazının idxalını məhdudlaşdırmağa başlayır - "Bloomberg"

DÜNYA
15:25 / 24.04.2026
43

Avropa Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) idxalına qadağa tətbiq etməyə başlayır.

HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, 25 apreldən etibarən Avropa İttifaqı Rusiya LNG-sinin spot bazardan alınmasını qadağan edəcək. Uzunmüddətli müqavilələr üzrə tədarüklər ilin sonuna qədər davam edə bilər. Lakin jurnalistlər qeyd edir ki, bu qadağa yenə də blok üçün müəyyən çətinliklər yarada bilər.

“Bloomberg”in yazdığına görə, Aİ qaz ehtiyacının təxminən 12%-ni Rusiya hesabına təmin edir, bunun bir hissəsi boru kəmərləri ilə çatdırılır. “Wood Mackenzie Ltd.” və “Energy Aspects Ltd.” şirkətlərinin qiymətləndirməsinə əsasən, spot bazara qadağa Rusiyanın LNG ixracını ildə 2,8–3,5 milyon ton azalda bilər.

Eyni zamanda, Yaxın Şərqdə davam edən münaqişə və Hörmüz boğazı vasitəsilə LNG tədarükündə məhdudiyyətlər fonunda “Wood Mackenzie”nin Avropa qaz və LNG üzrə direktoru Tom Marzek-Manser hazırda Aİ üçün ciddi təchizat riskləri görmədiyini bildirib. Lakin o, ölkələrin qışdan əvvəl anbarları doldurmaq üçün qaz idxalını artırmalı olacağını vurğulayıb.

“Hazırda biz ciddi təchizat riski görmürük, amma vəziyyət bir neçə ay ərzində dəyişə bilər”, ekspert qeyd edib.

“Energy Aspects” şirkətinin aparıcı LNG analitiki Tom Purdi isə xatırladır ki, vəziyyət pisləşərsə, Avropa Komissiyası fövqəladə vəziyyət elan edərək Rusiya qazının spot bazarda alışını müvəqqəti bərpa edə bilər. Lakin onun fikrincə, bu mexanizmin tezliklə işə salınması ehtimalı azdır.

“Daha mühüm sınaq 2027-ci il yanvarın 1-də olacaq, o zaman uzunmüddətli müqavilələr də dayandırılacaq. Bəzi böyük Avropa enerji şirkətləri Rusiya LNG müqavilələrini ləğv etməli olacaqlar”, – Purdi bildirib. Bu şirkətlər arasında Fransanın “TotalEnergies SE”, İspaniyanın “Naturgy Energy Group SA” və Almaniyanın “SEFE Securing Energy for Europe GmbH” şirkətləri var.

“Bloomberg” qeyd edir ki, Avropanın bu qadağası Rusiya LNG-sinin qlobal bazardan tam çıxması demək deyil. “Novatek” şirkətinin artıq Vyetnama LNG tədarükü üçün ilkin razılaşma imzaladığı bildirilir. Eyni zamanda bəzi həcmlərin Türkiyə və Misirə yönləndiriləcəyi gözlənilir.

Samir

0