Tramp danışıqları, yoxsa müharibəni seçəcək?

DÜNYA
12:30 / 03.06.2026
121

“Son aylarda ABŞ və İran arasında müşahidə olunan gərginlik fonunda tərəflərin yenidən diplomatik təmaslara üstünlük verməsini müşahidə edirik”.

Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Tamilla Qulami Hit.az-a açıqlamasında deyib.

O diqqətə çatdırıb ki, ABŞ Prezidenti Donlad Tramp İranla danışıqların dayandırıldığına dair yayılan xəbərlərin yalan olduğunu bildirib: 


“O, danışıqların fasiləsiz davam etdiyini və nəticəsinin də nə olacağını zamanın göstərəcəyini qeyd edib. Bütün bunları nəzərə alanda demək olar ki, hal-hazırda regionda idarəedilən gərginlik izlənilməkdədir. Mövcud vəziyyət də onu göstərir ki, hər iki tərəf bir-birinə qarşı sərt ritorikanı davam etdirsə də, tammiqyaslı hərbi qarşıdurmanın yaratdığı siyasi, iqtisadi və təhlükəsizlik risklərini nəzərə almağa məcburdur”.

Həmsöhbətimiz əlavə edib ki, indiki mərhələdə əsas müzakirə mövzusu İranın nüvə proqramı, sanksiyaların gələcəyi və regionda təhlükəsizlik balansının qorunması ilə bağlıdır:
“ABŞ administrasiyası İranın nüvə fəaliyyətlərinə daha ciddi nəzarət mexanizmlərinin tətbiqini tələb edir, Tehran isə öz növbəsində iqtisadi sanksiyaların yumşaldılmasını və ölkənin beynəlxalq iqtisadi sistemə çıxış imkanlarının genişləndirilməsini əsas şərt kimi irəli sürür”.

Ekspert qeyd edib ki, mövcud geosiyasi reallıqlar nəzərə alındıqda, yaxın perspektivdə tərəflərin müəyyən məhdud razılaşmalar əldə etməsi ehtimalı tamamilə istisna edilmir:
“Çünki həm Vaşinqton, həm də Tehran üçün yeni hərbi eskalasiyanın xərcləri kifayət qədər yüksəkdir. Xüsusilə enerji bazarlarında sabitliyin pozulması, Hörmüz boğazında risklərin artması və Yaxın Şərqdə yeni qarşıdurma ocaqlarının yaranması qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər. 

Nəzərə almaq lazımdır ki, Amerikanın Hörmüz boğazından heç bir xeyri və zərəri yoxdur. ABŞ-nin əsas məqsədlərindən biri Xarq adasından çıxarılan neftin öz nəzarəti altında satılmasıdır. Dünya bazarında neftin qiymətini endirən də, yüksəldən də, ondan qazanan da Amerikadır”.

T. Qulami bildirib ki, İran və ABŞ danışıqlar prosesinin uğur qazanacağına dair qəti proqnoz vermək çox çətindir:
“Tərəflər arasında etimad səviyyəsi olduqca aşağıdır və istənilən hərbi insident, yaxud siyasi bəyanat diplomatik prosesi yenidən dalana dirəyə bilər. Xüsusilə də İsrail başlanan işin sona çatmasının tərəfdarıdır. Hazırda isə ən real ssenari tam razılaşmadan daha çox, gərginliyin idarə olunması və məhdud kompromislər üzərində qurulan müvəqqəti anlaşmaların əldə edilməsidir.

Ümumilikdə isə deyə bilərəm ki, hazırkı şəraitdə üstünlük təşkil edən gözləntilər ABŞ və İran arasında diplomatik kanalların tamamilə bağlanmayacağı və tərəflərin hərbi əməliyyatlara dərhal qayıtmaq əvəzinə, danışıqlar imkanlarını sonadək qorumağa çalışacaqlarıdır. Lakin prosesin gələcəyi böyük ölçüdə regional hadisələrin inkişafından, tərəflərin daxili siyasi vəziyyətindən və beynəlxalq vasitəçilərin səylərindən də asılı ola bilər”.

Elmir Mustafa 

0