Aİ sürəti avtomatik məhdudlaşdıran sistemin tətbiqini nəzərdən keçirir

DÜNYA
23:53 / 10.07.2026
56

Avropa İttifaqında (Aİ) 2024-cü ilin iyul ayından etibarən satışa çıxarılan bütün yeni avtomobillərdə "Ağıllı sürət dəstəyi" ("Intelligent Speed Assistance" – ISA) sistemi məcburidir. 

HİT.az xəbər verir ki, bu sistem yolun sürət məhdudiyyətini göstərir, sürücü həddi aşdıqda xəbərdarlıq edir və adaptiv kruiz-kontrol istifadə edilərkən avtomobilin sürətini müəyyən olunmuş limitə uyğun tənzimləyir.

Lakin yayılan məlumatlara görə, Aİ hazırda daha sərt bir tənzimləməni də müzakirə edir. Təklif qəbul edilərsə, 2030-cu ildən sonra satışa çıxarılacaq avtomobillər sürət həddini yalnız göstərməyəcək, həm də sürücünün həmin həddi aşmasının qarşısını avtomatik alacaq.

Məlumata əsasən, nəzərdə tutulan sistem peyk məlumatları, GPS və avtomobildəki sensorlardan istifadə etməklə nəqliyyat vasitəsinin yerləşdiyi ərazini müəyyən edəcək və həmin ərazi üzrə sürət məhdudiyyəti ilə müqayisə aparacaq.

Əgər avtomobil icazə verilən sürəti aşarsa, sistem mühərrikin gücünü məhdudlaşdıracaq və nəqliyyat vasitəsinin daha da sürətlənməsinə imkan verməyəcək.

Təşəbbüsün tərəfdarları hesab edirlər ki, bu texnologiya yol-nəqliyyat hadisələrinin və ölüm hallarının sayının azalmasına kömək edə bilər. Tənqidçilər isə bunun sürücünün avtomobil üzərində nəzarət imkanlarını məhdudlaşdıracağını bildirirlər.

Məqalədə qeyd olunur ki, hazırkı ISA sistemləri kameralar, GPS və xəritə məlumatlarından istifadə etsə də, həmişə dəqiq nəticə vermir. Bəzi hallarda yol nişanları səhv oxunur və ya köhnəlmiş xəritə məlumatları səbəbindən yanlış sürət limiti göstərilir.

Hazırda belə səhvlər əsasən yalnış xəbərdarlıqla nəticələnsə də, gələcəkdə sistem avtomobilin sürətini birbaşa məhdudlaşdıracağı halda bu cür xətaların təhlükəsizlik baxımından ciddi problemlər yarada biləcəyi vurğulanır.

Böyük Britaniyanın "Thatcham Research" təşkilatının sınaqları da mövcud sistemlərin bütün şəraitdə etibarlı işləmədiyini göstərib. Araşdırmaya əsasən, bəzi avtomobillər real yol şəraitində sürət məhdudiyyətindəki dəyişiklikləri düzgün müəyyən etməkdə çətinlik çəkiblər. Hətta bəzi hallarda Böyük Britaniya yollarında mövcud olmayan 5 mil/saat və 100 mil/saat sürət məhdudiyyətləri göstərilib.

Qeyd olunur ki, hazırda Aİ-də peyk dəstəyi ilə avtomatik sürət məhdudlaşdırılması sisteminin tətbiqi barədə rəsmi qərar qəbul edilməyib. Bu məsələ yalnız müzakirə olunan təkliflər sırasındadır və onun qəbul ediləcəyi təqdirdə həm siyasi dairələrdə, həm də sürücülər arasında geniş müzakirələrə səbəb ola biləcəyi bildirilir.

Samir
 

0