Müasir turistlər səyahətlərini getdikcə daha çox vəhşi təbiətdə nadir heyvanları müşahidə etmək məqsədilə planlaşdırırlar.
HİT.az xəbər verir ki, "Euronews"un məlumatına görə, artıq bir çox səyyah ənənəvi Afrika safarilərindəki "böyük beşlik"dən daha çox nəhəng pandaları, kenquruları, koalaları və balinaları görmək istəyir.
"Explore" turizm şirkətinin apardığı araşdırmada dünyanın 12 ölkəsindən 2 400 nəfər iştirak edib. Bundan əlavə, son 12 ay ərzində "Google" axtarış sistemindəki sorğular da təhlil olunub.
Araşdırmanın nəticələrinə əsasən, vəhşi təbiətlə bağlı səyahətlərə maraq sürətlə artır. Son bir ildə "wildlife holidays" ("vəhşi təbiəti müşahidə etməyə imkan verən istirahət") ifadəsi üzrə axtarışların sayı 211 faiz yüksəlib.
Respondentlərin 72 faizi isə istirahət məkanını seçərkən vəhşi heyvanları təbii mühitdə görmək imkanının əsas və ya mühüm amillərdən biri olduğunu bildirib.
Vəhşi təbiət həvəskarlarının ən çox üstünlük verdiyi istiqamət Avstraliya olub. Sorğuda iştirak edənlərin 38 faizi bu ölkəni birinci seçib. Sonrakı yerləri Cənubi Afrika (11 faiz), Keniya (9 faiz), Kanada (7 faiz) və Çin (6 faiz) tutub.
Yeni "böyük beşlik" siyahısına aşağıdakı heyvanlar daxil edilib:
* Nəhəng panda – respondentlərin 41 faizi onu təbii mühitdə görmək istədiyini bildirib. Pandalar əsasən Çinin "Qansu", "Şensi" və "Siçuan" əyalətlərinin bambuk meşələrində yaşayır. Onları müşahidə etmək üçün ən məşhur məkanlar "Çendu" Nəhəng Panda Yetişdirmə və Tədqiqat Mərkəzi və "Volun" Milli Təbiət Qoruğudur.
* Fil – ənənəvi "böyük beşlik"dən yeni siyahıya düşən yeganə heyvandır. Sorğu iştirakçılarının 32 faizi filləri vəhşi təbiətdə görmək arzusunda olduğunu deyib. Afrikada bunun üçün ən yaxşı məkanlardan biri Botsvanadakı "Çobe" Milli Parkı, Asiyada isə Şri-Lankadakı "Udavalave" Milli Parkı hesab olunur.
* Kenquru – iştirakçıların 32 faizi Avstraliyanın simvollarından olan bu kisəli heyvanı görmək istəyir. Ən məşhur müşahidə məkanları "Kenquru adası" və Yeni Cənubi Uels ştatındakı "Murramaranq" Milli Parkıdır.
* Koala – respondentlərin 30 faizi koalaları təbii şəraitdə görmək arzusundadır. Onları müşahidə etmək üçün ən münasib yerlər "Kenquru adası" və Yeni Cənubi Uels ştatındakı "Port Stivens" bölgəsi hesab edilir.
* Balina – sorğu iştirakçılarının 29 faizi balinaları vəhşi təbiətdə izləmək istəyir. Bu məqsədlə ən məşhur istiqamətlərdən biri Cənubi Afrikanın "Hermanus" şəhəri, digəri isə Şri-Lankanın "Mirissa" kurortudur. Burada xüsusilə mavi balinaları müşahidə etmək mümkündür.
Araşdırma göstərir ki, müasir turistlər üçün səyahətin əsas məqsədlərindən biri artıq nadir heyvanları onların təbii yaşayış mühitində görmək və ekoturizm təcrübəsi yaşamaqdır.
Samir


