İngiltərədə 1700 ildən çox yeraltında nadir Roma sikkəsi tapıldı

DÜNYA
21:16 / 22.07.2026
56

İngiltərənin şərqində gələcək dəmir yolu xəttinin marşrutu boyunca aparılan arxeoloji qazıntılar zamanı eramızın 287-ci ilinə aid nadir Roma sikkəsi aşkar edilib. Sikkənin üzərində bir vaxtlar Britaniyada özünü imperator elan etmiş qəsbkar Karausiusun təsviri həkk olunub. 

HİT.az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.

Qazıntılar Oksford, Bedford və Kembrici birləşdirəcək "East West Rail" dəmir yolu layihəsi çərçivəsində Bedfordşir və Kembricşir qraflıqlarında aparılır.

Arxeoloqlar tarixi abidələri sənədləşdirmək və mümkün olduğu qədər qorumaq məqsədilə təxminən min sınaq xəndəyi tədqiq edirlər.

Araşdırmalar zamanı artıq Roma dövrünə aid sikkələr, keramika nümunələri və Dəmir dövrünün son mərhələsinə aid saxsı küp də daxil olmaqla çoxsaylı qədim artefaktlar aşkar edilib.

Ən maraqlı tapıntılardan biri təxminən 1740 il yaşı olan və üzərində "İmperator Karausius" yazısı həkk edilmiş Roma sikkəsidir.

Tarixi mənbələrə görə, Karausius La-Manş boğazında patrul xidməti həyata keçirən Roma donanması "Classis Britannica"nın komandanı olub. O, dəniz quldurlarından ələ keçirilən qəniməti mənimsəməkdə ittiham edildikdən sonra imperator Maksimian onun edam edilməsini əmr edib.

Lakin Karausius Britaniyaya qaçaraq özünü imperator elan edib və Britaniya ilə Qalliyanın şimal hissəsini əhatə edən müstəqil dövlət yaradıb. O, eramızın 286–293-cü illərində hakimiyyətdə olub və daha sonra maliyyə naziri Allekt tərəfindən öldürülüb.

Arxeoloji tədqiqatların rəhbəri Coss Payper-Carrett bildirib ki, hər bir tapıntı vaxtilə bu torpaqlarda yaşamış insanların həyatını daha yaxşı anlamağa kömək edir.

"Belə əşyaları torpaqdan çıxararkən bəzən son iki min ildə, bəzən isə daha uzun müddətdə onları görən ilk insan olursan. Bu, həqiqətən də unudulmaz hissdir", deyə o qeyd edib.

Samir

0