Almaniyada əvvəllər yalnız Avropanın cənubunda yaşayan yeni ilan növlərinin meydana çıxması qeydə alınır.
HİT.az xəbər verir ki, bu barədə “Zielona Interia” Münhen sürünənlər sığınacağının rəhbəri Markus Bauerə istinadən məlumat yayıb.
Söhbət, xüsusilə, Avropanın ən böyük ilanlarından biri olan dördzolaqlı təlxək ilandan gedir.
Bauerin sözlərinə görə, yalnız son beş il ərzində Bavariyanın cənubunda bu növün 15 fərdi qeydə alınıb. Dördzolaqlı təlxək ilanın təbii yayılma arealı İtaliya, Yunanıstan, Bolqarıstan, Sloveniya və Balkan ölkələridir. Buna görə də onun bu qədər şimalda görünməsi yeni hadisə hesab olunur.
Dördzolaqlı təlxək ilan uzunluğu 2,5 metrə qədər böyüyə bilər. Bədənində ona adını verən dörd xarakterik qara zolaq olur. Bu ilan zəhərli deyil və insanlar üçün təhlükə yaratmır.
Mütəxəssislər bildirirlər ki, miqrasiyanın əsas səbəbləri iqlim dəyişikliyi və cənub bölgələrində sürünənlərin təbii yaşayış yerlərinin məhv olmasıdır.
Bəzi hallarda ilanlar yeni ərazilərə təsadüfən də daxil olur. Onlar yük daşımaları zamanı yük maşınlarının müxtəlif hissələrində gizlənərək “sərnişin” kimi yeni bölgələrə çata bilirlər.
Bundan əlavə, Almaniyada əvvəllər rast gəlinməyən kiçik ölçülü sarıqarın ilanlar da müşahidə edilib. Onların uzunluğu 85 santimetrə qədər olur.
Bu ilanlar suyu sevir, çay və göllərin yaxınlığında yaşayır, siçanlar, quşlar və suda-quruda yaşayanlarla qidalanır. Təbii şəraitdə bu növ Şimali Afrikada və Pireney yarımadasında yayılıb.
Lakin bəzi ərazilərdə onlar invaziv növə çevrilib. Məsələn, Malorkada bu ilanlar yerli qurbağa növləri üçün təhlükə yaradır.
Yeni “sakinlərin” meydana çıxmasına baxmayaraq, mütəxəssis vəziyyətin ciddi təhlükə yaratmadığını bildirir. Onun sözlərinə görə, qida ehtiyatı kifayət qədərdir və bu ilanlar qidalanma baxımından seçici deyil.
Bununla belə, Almaniyada ilanlar ümumilikdə nadir və qorunan heyvanlar olaraq qalır.
Hazırda Almaniyada daimi yaşayan yeddi ilan növü var: adi gürzə, burunlu gürzə, su ilanı, Eskulap ilanı, adi mis ilanı, adi su ilanı və qərb su ilanı.
Samir


