Bəzi növlər üçün bu proses sadə ola bilər, lakin əldən sürüşüb qaça bilən və ya böyük ölçülü heyvanlarla işləyərkən mütəxəssislər yaradıcı üsullara müraciət etməli olurlar.
HİT.az xəbər verir ki, bu barədə “IFLScience” yazır.
Səkkizayaq necə çəkmək olar?
Sakit okean akvariumu əməkdaşların Qlinda adlı nəhəng Sakit okean səkkizayağı necə çəkdiyini göstərən video yayımlayıb.
Mütəxəssislər müsbət möhkəmləndirməyə əsaslanan təlim vasitəsilə Qlindanı ehtiyatla akvariuma endirilən vedrəyə yerləşdiriblər. Daha sonra vedrə səkkizayaqla birlikdə sudan çıxarılıb və tərəzi üzərinə qoyulub.
Çox qısa müddətdə çəkisi müəyyən edildikdən sonra Qlinda yenidən akvariumuna qaytarılıb.
Səkkizayağın çəkisi təxminən 7 kiloqram olub. Bu isə uzunluğu və çəkisi 22 kiloqrama qədər çata bilən bu növ üçün nisbətən kiçik göstəricidir.
Zürafəni necə çəkirlər?
Yeni Zelandiyanın Vellinqton zooparkında zürafələri çəkmək üçün xüsusi “trenajor” hazırlanıb.
Bu, yumşaq yan hissələri olan böyük metal qəfəs formasında qurğudur. Mütəxəssislər onun yan hissələrinə yük ölçən çubuqlar əlavə etməklə Zaxara, Zuri və Sanni adlı zürafələrin çəkisini müəyyən edə bilirlər.
Məqalədə vurğulanır ki, zürafələrin çəkisinin yoxlanılması onların sağlamlığının və rifahının təmin olunması prosesinin mühüm hissəsidir.
“Giraffe Inn and Safari” müəssisəsində isə oxşar üsuldan istifadə olunur. Burada erkək zürafə Curcanı xüsusi hədəf təlimləri və çoxlu mükafat yeməkləri vasitəsilə tərəziyə çıxmağa öyrədilir.
Kiçik quşu necə çəkmək olar?
Ekoloqlar və ornitoloqlar elmi araşdırmalar çərçivəsində quşları halqalama və müşahidə zamanı təbii şəraitdə tez-tez çəkməli olurlar.
Lakin istənilən anda uça bilən canlıların çəkisini müəyyən etmək asan deyil.
Kiçik sərçəkimilər də daxil olmaqla bir çox quş növü kiçik qaba və ya köhnə foto plyonka qabına yerləşdirilə bilir. Daha sonra həmin qab rəqəmsal tərəzinin üzərinə qoyularaq quşun çəkisi ölçülür.
Balinanı necə çəkmək olar?
Balinanın çəkisini müəyyən etmək üçün istifadə olunan üsullardan biri fotogrammetriyadır.
Bu üsulda dronlarla çəkilmiş fotolar vasitəsilə balinanın bədən ölçüləri hesablanır.
Mütəxəssislər bildirirlər ki, bu yanaşma ilə tədqiqatçılar balinaların uzunluğunu, enini, çevrəsini və hündürlüyünü ölçərək onların 3D modellərini yarada biliblər.
Daha sonra heyvanın bədən həcmi hesablanıb. Tarixi məlumatlardan istifadə etməklə modelə bədən sıxlığı da əlavə edilib və nəticədə balinanın təxmini çəkisi müəyyən olunub.
Samir


