İranla ABŞ arasındakı hərbi gərginlik son günlərdə pik həddə çatıb.
Artıq ABŞ neçə gündür ki, İrana hava zərbələri endirir. Üstəlik, bu zərbələrin əhatə dairəsi ölkənin daxilinə doğru, hətta paytaxt Tehrana qədər çatmağa başlayıb. Həmçinin, İran da ABŞ-nin bazalarının olduğu ölkələrə zərbələr endirib. İki ölkənin də itkilər verdiyi belə açıqlanıb. Yəni tərəflər arasındakı vəziyyət olduqca kritikdir.
Belə olan halda müxtəlif suallar yaranır: ABŞ ilə İran arasındakı gərginlik daha da artaraq yenidən 40 günlük müharibədə olduğu kimi genişmiqyaslı əməliyyatlara çevrilə bilər? Həmçinin, mövcud vəziyyətdə tərəflər arasında danışıqların bərpa olunma və atəşkəs ehtimalı nə dərəcədə realdır?
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva Hit.az-a açıqlama verib.
O bildirib ki, hazırkı vəziyyət ABŞ ilə İran arasında gərginliyin hələ də yüksək olaraq qaldığını və hər iki tərəfin hərbi təzyiq elementlərindən istifadə etməyə davam etdiyini göstərir:
“Son günlər qarşılıqlı zərbələr, Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərinin artması və Vaşinqtonun sərt xəbərdarlıqları eskalasiyanın davam etdiyini göstərir. Bununla belə, tərəflərin tammiqyaslı, uzunmüddətli, məsələn, 40 günlük genişmiqyaslı müharibəyə getməsi ehtimalı hazırda yüksək görünmür.
Çünki belə bir ssenari təkcə ABŞ və İran üçün deyil, bütün Yaxın Şərq, qlobal enerji bazarları və beynəlxalq ticarət üçün çox ağır nəticələr doğurar. Hər iki tərəf hərbi təzyiqi diplomatik üstünlük əldə etmək vasitəsi kimi istifadə etməyə çalışır”.
Lakin ekspert qeyd edib ki, diplomatik kanallar tam bağlanmayıb:
“ABŞ rəsmiləri danışıqlara açıq olduqlarını bildirsələr də, bunu İranın konkret addımları ilə əlaqələndirirlər. Region ölkələri - xüsusilə Qətər, Türkiyə və Pakistan vasitəçilik səylərini davam etdirir. Ona görə də yaxın günlərdə məhdud atəşkəs mexanizmlərinin və ya yeni danışıqlar formatının gündəmə gəlməsi ehtimalı tam istisna edilmir.
Ancaq bu danışıqların uğuru tərəflərin hərbi ritorikanı azaltmasından və xüsusilə Hörmüz boğazında təhlükəsizlik məsələsində kompromisə hazır olmasından asılı olacaq. Hazırkı mərhələdə ən real ssenari tammiqyaslı müharibədən daha çox, fasilələrlə davam edən hərbi toqquşmaların diplomatik təmaslarla paralel getməsidir”.
Elmir Mustafa



