Rusiyada hərbi xidmətə könüllü axınının azalması fonunda hakimiyyət ordunun şəxsi heyətini artırmaq üçün yeni addımlar atır. Rusiya Dövlət Duması məhkum olunmuş şəxslərin və istintaq altında olan bəzi təqsirləndirilənlərin Müdafiə Nazirliyi ilə hərbi müqavilə bağlamasına imkan verən qanunu qəbul edib.
HİT.az xəbər verir ki, "Digi24"ün məlumatına görə, qanun Dövlət Dumasında bir iclas ərzində hər üç oxunuşdan keçirilib.
Yeni qaydalara əsasən, məhkumluğu hələ qüvvədə olan və ya istintaq altında olan şəxslər də müəyyən maddələr üzrə hərbi xidmətə qəbul edilə biləcəklər. Bunlara silahlı dəstədə iştirak, cinayətkar təşkilatın üzvlüyü, narkotik vasitələrin qaçaqmalçılığı və dövlət sirri olan sənədlərin itirilməsi kimi cinayətlərlə bağlı maddələr daxildir.
Rusiya müdafiə nazirinin müavini Viktor Qoremıkin bildirib ki, müqavilə bağlayan məhkumlar gücləndirilmiş nəzarət altında fəaliyyət göstərən xüsusi bölmələrdə xidmət edəcəklər.
Könüllülərin sayı azalır
Məlumata görə, son aylarda yüksək məbləğdə maliyyə təşviqlərinə baxmayaraq, Rusiya vətəndaşlarının hərbi müqavilə bağlamaq istəyi azalır.
Bu vəziyyət fonunda ölkədə yeni səfərbərlik dalğasının mümkünlüyü barədə iddialar da səslənir. KİV-in məlumatına görə, bu məsələ müxtəlif səviyyələrdə müzakirə olunur, lakin yekun qərar hələ qəbul edilməyib.
Bildirilir ki, belə qərar verilərsə, yeni səfərbərlik Dövlət Dumasına seçkilərdən sonra başlaya bilər.
Araşdırma: Xarici vətəndaşların cəlb edilməsi genişlənir
Məqalədə həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəyə xarici ölkə vətəndaşlarını cəlb etməsi ilə bağlı araşdırmaya da yer verilir.
Ukrayna Müdafiə Kəşfiyyatı Baş İdarəsinin (HUR) məlumatına əsasən, indiyədək 27 mindən çox xarici vətəndaş Rusiyanın tərəfdən döyüşmək üçün cəlb edilib.
Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), "Truth Hounds" və Qazaxıstan Beynəlxalq İnsan Hüquqları Bürosunun birgə araşdırmasında Rusiyanın müxtəlif ölkələrdə xarici vətəndaşların cəlb edilməsi üçün geniş şəbəkə yaratdığı iddia olunur.
Araşdırma müəlliflərindən İlya Nusov bildirib ki, əsas hədəf iqtisadi, sosial və hüquqi baxımdan həssas vəziyyətdə olan insanlardır.
Onun sözlərinə görə, istifadə olunan üsullar yüksək maaş vədlərindən tutmuş aldatma və məcburetməyə qədər dəyişir.
Keniyalı və kubalıların hekayələri
Materialda Keniyadan olan Oskar Haqola Mutokanın hekayəsi də təqdim olunur. Bildirilir ki, o, 2025-ci ildə iş tapmaq ümidi ilə Rusiyaya gedib, daha sonra hərbi forma ilə şəklini ailəsinə göndərib və bundan sonra onunla əlaqə kəsilib.
Ailəsi sonradan onun öldüyünü öyrənsə də, cəsədini geri ala bilməyib.
Məqalədə həmçinin Kubadan olan Yoan Viondi Mendosanın da Rusiyada yüksək maaş və Rusiya vətəndaşlığı vədi ilə müqavilə bağladığı, daha sonra isə döyüş bölgəsinə göndərildiyi qeyd olunur. Onun sonradan həlak olan xarici vətəndaşlar siyahısında yer aldığı bildirilir.
Aldadılaraq cəbhəyə göndərildiklərini iddia edirlər
Araşdırmada Banqladeş vətəndaşı Arman Mondolun da hekayəsinə yer verilib.
Onun sözlərinə görə, Rusiyaya anbar işçisi kimi işləmək vədi ilə aparılıb, lakin rus dilində olan müqaviləni imzalamağa məcbur edildikdən sonra hərbi xidmətə göndərilib.
Mondol iddia edir ki, xarici vətəndaşlar döyüş tapşırıqlarında ön xəttə göndərilir və "canlı qalxan" kimi istifadə olunurdular.
Bildirildiyinə görə, o, mina partlayışı zamanı sağ qaldıqdan sonra hərbi hospitaldan qaçmağa müvəffəq olub və Banqladeşin Moskvadakı səfirliyinin köməyi ilə ölkəsinə qayıdıb.
Hüquqi qiymətləndirmələr
Araşdırma müəllifləri qeyd edirlər ki, Rusiya tərəfində döyüşən bütün xarici vətəndaşları beynəlxalq hüquq baxımından muzdlu döyüşçü hesab etmək düzgün deyil. Çünki onların bir hissəsi müqavilədən əvvəl Rusiya vətəndaşlığı alır.
Eyni zamanda, aldadılaraq və ya məcbur edilərək cəlb olunan şəxslərin insan alverinin qurbanı kimi qiymətləndirilə biləcəyi vurğulanır.
Rusiya isə bütün xarici vətəndaşların könüllü şəkildə hərbi xidmətə qoşulduğunu bildirir. Xarici işlər naziri Sergey Lavrov daha əvvəl bəyan edib ki, Rusiyanın "xüsusi hərbi əməliyyat" adlandırdığı müharibədə iştirak edən xarici vətəndaşlar ölkə qanunvericiliyinə uyğun olaraq könüllü şəkildə xidmət edirlər.
2026-cı ildə 18 minədək yeni əcnəbi cəlb oluna bilər
Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahının məlumatına görə, Rusiya 2026-cı il ərzində 18 min 500-dək xarici vətəndaşı hərbi xidmətə cəlb edə bilər.
Samir


