ABŞ Ukraynada müharibəyə son qoymaq üçün hərəkət etməyə hazırdır - Rubio

DÜNYA
21:18 / 23.07.2026
54

ABŞ Ukrayna ilə Rusiya arasında danışıqlarda real nəticə əldə etmək imkanı yaranacağı təqdirdə prosesdə yenidən fəal iştirak etməyə hazırdır. Bunu ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirdiyi brifinqdə bildirib. 

HİT.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

"Biz sülh sazişi istəyirik. Müharibənin başa çatmasını istəyirik. Müharibəni dayandırmaq üçün mümkün olan hər hansı müsbət rolu oynamağa hazırıq. Bunun üçün həm Rusiya, həm də Ukraynanın razılaşa biləcəyi həll yolu tapılmalıdır", deyə Rubio bildirib.

ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqtonun bu istiqamətdə əvvəlki səyləri nəticəsiz qalıb.

"Əgər şərtlər və amillər dəyişərək bunu mümkün edibsə, biz hərəkət etməyə hazırıq. Prezident bu məsələyə hər gün sadiqdir. Vəziyyəti dəyişmək üçün imkan tapsaq, bunu edəcəyik", deyə o əlavə edib.

ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Filippində keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində görüş keçiriblər.

Görüşdən sonra Rusiya Xarici İşlər Nazirliyi Lavrovun Ukrayna münaqişəsinin nizamlanmasına hazır olduqlarını və Ankoric razılaşmalarına sadiq qaldıqlarını təsdiqlədiyini bildirib. Nazirlik həmçinin Lavrovun Kiyevə silah tədarükünün davam etdirilməsinin yolverilməz olduğunu vurğuladığını və Avropanı Rusiyaya qarşı "strateji məğlubiyyət" siyasəti yürütməkdə ittiham etdiyini qeyd edib.

Marko Rubio isə jurnalistlərə açıqlamasında deyib ki, Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının bərpası üçün "yeni ideyalara" ehtiyac var. Onun sözlərinə görə, indiyədək irəli sürülən təkliflər Ukrayna üçün qəbuledilməz olub.

Samir

0