Azərbaycanəsilli iş adamı Araz Ağalarovun “Crocus Group” şirkəti Rusiyanın “İnqosstrax” sığorta şirkətindən 2024-cü ildə törədilmiş terror aktı nəticəsində yanan “Crocus City Hall”un zərərini ödəmək üçün məhkəmə yolu ilə 1,68 milyard rubl (təxminən 36,5 milyon AZN) tələb edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Bildirilib ki, sözügedən məbləğ çəkilmiş xərclərin heç 30%-ni təşkil etmir, lakin bu məbləği də almaq asan olmayacaq. Çünki terror aktı riskinin sığorta müqaviləsinə daxil edilmədiyi güman edilir.
Məlumata görə, iddia 10 iyul tarixində icraata qəbul edilib, lakin tələblərin mahiyyəti göstərilməyib. İşdə üçüncü tərəf kimi “Crocus Group”un strukturuna daxil olan “Crocus Finance” MMC, “Qazprombank” və PSB bankı çıxış edirlər.
Qeyd edək ki, Araz Ağalarovun oğlu Emin Ağalarov “Crocus City Hall”da baş verən terror aktı nəticəsində “Crocus Group” şirkətinə dəyən zərərin təxminən 150-200 milyon dollar (təxminən 255-340 milyon AZN) təşkil etdiyini bildirmişdi. Bunlardan təxminən 100 milyon dollarını (təxminən 170 milyon AZN) analoji obyektin tikintisinə çəkiləcək potensial xərclər təşki edir. Baş Prokurorluğun qiymətləndirməsinə görə isə, terror aktı nəticəsində dəymiş zərərin məbləği ümumilikdə 5,7 milyard rubl (təxminən 123,6 milyon AZN) təşkil edir.
Faciədən sonra “İnqosstrax” şirkətinin nümayəndələri müqaviləyə uyğun olaraq bütün öhdəlikləri yerinə yetirəcəklərini bildiriblər. Eyni zamanda, şirkətin mətbuat xidməti “terror aktı” riskinin müştəri tərəfindən sığorta polisinə daxil edilmədiyini bəyan edib. 2024-cü ildə zərərçəkmişlərin nümayəndələri sığortaçıya qarşı iddia qaldırıb. Məhkəmə təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi üzrə istintaqın hələ başa çatmamasını əsas gətirərək iddianı rədd edib. Həmin il Emin Ağalarov sığortanın terror aktından dəyən zərərin 1/40 hissəsindən çoxunu əhatə etməyəcəyini açıqlayıb.
Xatırladaq ki, 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da terror aktı törədilib. Hücum nəticəsində binada olan şəxslərə atəş açılıb, konsert zalı isə yandırılıb. Terror aktı zamanı 145 nəfər həlak olub.


