Rusiyanın Ukraynaya qarşı təcavüzünə göstərilən qəhrəmancasına və uğurlu müqavimət artıq demokratik dünya ilə avtoritar rejimlər arasında gedən qlobal qarşıdurmanın nəticəsini müəyyənləşdirə bilər.
HİT.az xəbər verir ki, bu fikir ABŞ-nin milli təhlükəsizlik üzrə ekspertləri Mark Tot və Conatan Svit tərəfindən "The Hill" nəşrində dərc olunan məqalədə irəli sürülüb.
Müəlliflər xatırladıblar ki, onlar hələ 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalını Ukrayna sərhədlərini aşan daha böyük münaqişənin başlanğıcı kimi qiymətləndirmişdilər. Onların fikrincə, Moskva, Pekin, Tehran və Pxenyan müttəfiq kimi fəaliyyət göstərir, Qərb paytaxtları isə uzun müddət müharibəni yalnız Ukrayna ilə Rusiya arasında regional qarşıdurma kimi qəbul edib.
Məqalədə qeyd olunur ki, ABŞ-nin o vaxtkı prezidenti Co Bayden administrasiyası Rusiyanın təcavüzünü Çinin Tayvan ətrafındakı addımları, Şimali Koreyanın hərbi təxribatları və İranın nüvə proqramının inkişafı ilə əlaqələndirmirdi. Müəlliflərin fikrincə, hətta 2023-cü ilin oktyabrında "HƏMAS" hərəkatının İsrailə hücumu da bu yanaşmanı dəyişməyib.
Ekspertlər vurğulayırlar ki, təhlükənin miqyasını ilk gündən məhz Ukrayna dərk edib. Prezident Volodimir Zelenski genişmiqyaslı işğaldan əvvəl bildirmişdi ki, Avropa və dünya Soyuq müharibədən bəri ən böyük təhlükəsizlik böhranı ilə üz-üzədir.
Müəlliflər Zelenskinin son açıqlamasını da xatırladıblar. O bildirib ki, Putin artıq III Dünya müharibəsini başlayıb. Zelenskinin sözlərinə görə, Putini bu gün dayandırmaq və onun Ukraynanı işğal etməsinə imkan verməmək bütün dünya üçün qələbə deməkdir.
Analitiklər qeyd edirlər ki, müharibə illərində Ukrayna Müdafiə Qüvvələri Rusiyanın hücumlarını dayandırmaqla yanaşı, Moskvanın öz ərazisinə uzaqmənzilli zərbələr endirməklə ona ciddi itkilər də verdirib.
Mark Tot və Conatan Svit hesab edirlər ki, Ukraynanın uğurları artıq qlobal vəziyyətə də təsir göstərir. Onların fikrincə, Rusiya Yaxın Şərq və Afrikadakı mövcudluğunu azaltmağa məcbur olur, Çin isə dronlardan geniş istifadə edilən müasir müharibə təcrübəsini nəzərə alaraq Tayvanla bağlı mümkün ssenarilərini yenidən qiymətləndirir.
"III Dünya müharibəsi hələ qazanılmayıb. Lakin Ukrayna Qərb üçün qələbəni mümkün edir – əgər Vaşinqton və Brüssel bu imkandan istifadə etsələr", deyə analitiklər yekunlaşdırıblar.
Samir


