Ukraynanın su hövzələrində invaziv növ hesab olunan günəş xanısı (Lepomis gibbosus) sürətlə yayılır. Bu balıq digər balıq növlərinin kürüsünü və körpələrini yeyərək yerli növlərin sayının azalmasına səbəb ola bilər.
HİT.az xəbər verir ki, bu barədə Ukrayna Meliorasiya, Balıqçılıq və Ərzaq Proqramlarının İnkişafı üzrə Dövlət Agentliyi məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, son onilliklərdə Dnepr su anbarlarında əvvəllər burada yaşamayan onlarla balıq növü qeydə alınıb. Ekoloqlar onların Ukraynanın müxtəlif su hövzələrində sürətlə yayıldığını bildirirlər.
Məlumata əsasən, günəş xanısı, rotan (Perccottus glenii) və Amur çabağı Dnepr su anbarlarına hidroelektrik stansiyalar kaskadının tikintisi, balıq ehtiyatlarının artırılması və təsadüfi köçürülmələr nəticəsində daxil olub.
1930-cu illərin əvvəlində Dneprin orta axarında 46 balıq növü və bir yarımnöv qeydə alınmışdı. 1950-ci illərin sonuna qədər isə Dnepr su anbarında bu rəqəm 37 növə enmişdi.
Kaxovka su anbarının yaradılmasından sonra, 1960-cı illərin sonlarında Dnepr su anbarının balıq faunası yenidən artaraq 43 növə çatıb. Ümumilikdə XX əsrin əvvəlindən etibarən Dnepr hövzəsində 27 yeni balıq növü və üç hibrid qeydə alınıb.
Agentliyin məlumatına görə, günəş xanısı Ukrayna sularında ilk dəfə 2002-ci ildə müşahidə edilib. Sonrakı illərdə rotan, Brauner qobisi və digər yad mənşəli növlər də aşkarlanıb.
Mütəxəssislər bildirirlər ki, bir çox invaziv növ artıq tam uyğunlaşıb və aktiv şəkildə yayılır. Məsələn, günəş xanısı Samara çayında ildə 30 kilometrdən çox məsafəyə yayılır. İtaliya iynəbalığı isə "Dnepr–Donbas" kanalında ildə təxminən 52 kilometr sürətlə yayılıb.
Hazırda Dnepr su anbarı və onun qollarında 14 fəsiləyə aid 57 növ və yarımnöv balıq yaşayır. Dnepr su anbarlarının ixtiofaunasında ümumilikdə 21 invaziv növ qeydə alınıb. Onlardan üçü – Amur çabağı, günəş xanısı və rotan – Avropa İttifaqı üçün təhlükə yaradan invaziv yad növlər siyahısına daxildir.
BMT-nin dəstəyi ilə hazırlanmış "Köçəri şirin su balıqlarının qlobal qiymətləndirilməsi" hesabatında isə bildirilib ki, şirin su balıqları dünyanın müxtəlif çaylarında sürətlə azalır. Hesabat müəllifləri bu növlərin qorunması üçün çayların ayrı-ayrı ölkələrin hissələri kimi deyil, vahid ekosistem kimi idarə olunmasının vacibliyini vurğulayırlar.
Samir


