Bu şəhərdə 880 min ağac əkildi və havanın temperaturu bir neçə dərəcə aşağı düşdü

DÜNYA
22:34 / 24.07.2026
39

Kolumbiyanın Medellin şəhəri təbiətin isti hava ilə mübarizədə necə effektiv rol oynaya biləcəyinin ən uğurlu nümunələrindən birinə çevrilib. "Yaşıl dəhlizlər" proqramı çərçivəsində şəhərdə yollar boyunca, parklarda, çay kənarlarında və ictimai məkanlarda təxminən 880 min ağac, həmçinin 2,5 milyondan çox kol və digər bitki əkilib.

HİT.az xəbər verir ki, layihəyə 2016-cı ildə start verilib. Məqsəd sıx tikinti, geniş asfalt örtüyü və yaşıllıq sahələrinin azalması nəticəsində yaranan şəhər "istilik adası" effektini azaltmaq olub. Bu amillər küçələrin həddindən artıq qızmasına və şəhər sakinlərinin həyat keyfiyyətinin pisləşməsinə səbəb olurdu.

Ağaclar havanı iki əsas yolla sərinləşdirir. Onlar kölgə yaradaraq yolları və binaları birbaşa günəş şüalarından qoruyur, eyni zamanda yarpaqları vasitəsilə rütubəti buxarlandıraraq ətraf mühitin temperaturunu təbii şəkildə aşağı salırlar.

Araşdırmalar göstərib ki, yaşıllaşdırma tədbirləri nəticəsində şəhərdə orta temperatur təxminən 2 dərəcə Selsi azalıb. Ən sıx kölgəlik ərazilərdə isə hava temperaturu 5 dərəcə Selsiyə qədər aşağı düşüb.

Məlumata görə, yeni yaşıllıq zolaqları havanın keyfiyyətini yaxşılaşdırıb, səs-küy səviyyəsini azaldıb, quşlar və tozlandırıcı həşəratlar üçün yeni yaşayış mühiti yaradıb. Bununla yanaşı, piyada gəzintiləri və velosipedlə hərəkət də daha rahat olub.

Hazırda Medellinin bu proqramı şəhərlərin iqlim dəyişikliyinə uyğunlaşdırılması sahəsində dünyanın ən uğurlu nümunələrindən biri hesab edilir. Dünyanın müxtəlif ölkələrindən mütəxəssislər bu təcrübəni öyrənirlər. Çünki genişmiqyaslı yaşıllaşdırma şəhərləri yalnız daha gözəl deyil, həm də artan temperatur şəraitində daha rahat və yaşamaq üçün əlverişli edir.

Kolumbiyada isti hava ilə mübarizədə uğurlu nəticələr əldə olunduğu bir vaxtda, Avropa Sahara səhrasından gələn tozun təsiri ilə üzləşir.

Son illərdə Avropa üzərində Sahara tozunun konsentrasiyası 10–25 faiz artıb. Bu problemdən ən çox Kanar adaları və İspaniyanın cənub bölgələri zərər görür.

Alimlər bildirirlər ki, qlobal istiləşmənin davam etməsi ilə bu problemin daha da kəskinləşəcəyi gözlənilir.

Samir
 

0