Bu il kosmosa buraxılması planlaşdırılırdı: Rusiyanın gizli layihəsi yenidən təxirə salındı

DÜNYA
20:17 / 24.07.2026
60

ABŞ və Çin təkrar istifadə oluna bilən raket texnologiyalarında sürətlə irəlilədiyi halda, zəngin kosmik tarixə malik Rusiya bu sahədə geridə qalır. "Roscosmos"un "SpaceX Falcon 9"a rəqib kimi hazırladığı "Amur-LNG" layihəsinin ilk buraxılış tarixi yenidən illərlə təxirə salınıb.

HİT.az xəbər verir ki, dünyanın bir çox ölkəsi və özəl şirkətləri kosmik aparatları orbitə çıxardıqdan sonra onları təhlükəsiz şəkildə Yerə qaytarmağa imkan verən raket texnologiyalarının hazırlanması uğrunda yarışır.

Çin yaxınlarda orbital missiyadan sonra raket gücləndiricisini uğurla endirən ölkələr sırasına qoşulub. Bu addım ölkənin dövlət və özəl kosmik proqramlarının sürətlə inkişaf etdiyini göstərir.

Yaponiya isə kosmik agentliyi vasitəsilə sınaq uçuşları həyata keçirir, "Honda" şirkəti də şaquli eniş texnologiyalarını sınaqdan keçirən layihələrdə iştirak edir.

ABŞ-da isə "SpaceX" demək olar ki, hər bir neçə gündən bir təkrar istifadə oluna bilən raketlərini buraxır və uğurla Yerə endirir. "Blue Origin" də iri orbital gücləndiricilərin həm endirilməsi, həm də yenidən istifadəsi sahəsində uğurlu sınaqlar nümayiş etdirib. "Stoke Space", "Rocket Lab" və "Relativity Space" kimi digər Amerika şirkətləri də tam və ya qismən təkrar istifadə edilə bilən sistemlər üzərində işləyirlər.

"Roscosmos" altı il əvvəl "SpaceX Falcon 9"a alternativ kimi nəzərdə tutulan "Amur-LNG" raket layihəsini təqdim etmişdi. Metan yanacağı ilə işləyən mühərriklərə və təkrar istifadə oluna bilən birinci pilləyə malik raketin 10,5 ton yükü aşağı Yer orbitinə çıxarması planlaşdırılırdı.

İlk uçuşun 2026-cı ildə baş tutacağı gözlənilsə də, qurumun son açıqlamaları layihənin cədvəldən xeyli geri qaldığını göstərir.

Yüksək vəzifəli kosmik rəsmisi Dmitri Baranov bildirib ki, hazırda əsas məqsəd yalnız nümayiş məqsədli sınaq aparatının hazırlanmasıdır. "SpaceX"in ilk test platformalarını xatırladan bu aparatın sınaqlarının 2028-ci ildən əvvəl başlaması gözlənilmir.

Plana əsasən, aparat əvvəlcə 1 kilometr, daha sonra isə 10 kilometr hündürlüyə qalxaraq şaquli eniş etməlidir.

"Roscosmos" gələcəkdə bu raketin uzun illər istifadə olunan "Soyuz-2" raketlərini əvəz etməsini planlaşdırır. Lakin tammiqyaslı uçuş sınaqlarının yalnız 2031-ci ildə başlanacağı bildirilir.

Beləliklə, altı il əvvəl elan edilən layihənin ilk buraxılışı daha beş il təxirə salınıb. Bu isə Rusiyanın "SpaceX"ə cavab olaraq hazırladığı raket proqramının təxminən 20 il gecikmə ilə reallaşa biləcəyini göstərir.

Samir
 

0