Əgər nə vaxtsa Yaponiyaya səyahət etsəniz, yerli sakinlərin əksəriyyətinin evində bizim öyrəşdiyimiz çarpayıların olmadığını görüb təəccüblənə bilərsiniz.
HİT.az xəbər verir ki, hətta bəzi otellərdə də qonaqlara çarpayısız otaqlar təklif olunur. Xaricilər üçün bu, qeyri-adi görünsə də, yaponlar üçün tamamilə normal həyat tərzidir. Bunun həm tarixi, həm də praktik səbəbləri var.
Niyə yaponlar döşəmədə yatmağa üstünlük verirlər?
Ənənəvi yapon evlərində çarpayılar heç vaxt əsas mebel hesab edilməyib. Bunun əvəzinə sakinlər döşəmənin üzərinə sərilən pambıq futondan istifadə edirlər. Futon nazik döşəyə bənzəyir: axşam yataq otağında açılır, səhər isə yığılaraq şkafa qoyulur.
Bu səbəbdən, ənənəvi üslubda tikilmiş yapon otelində çarpayı görməsəniz, şkafa baxmaq kifayətdir. Böyük ehtimalla orada bükülmüş futon olacaq və gecə yatmaq üçün onu döşəməyə sərmək lazımdır.
Yaponiyada döşəmədə yatmağın əsas səbəblərindən biri ölkənin iqlimi və yüksək seysmik fəallığıdır. Buradakı evlər zəlzələlər zamanı təhlükəni minimuma endirmək üçün layihələndirilir. Buna görə də interyerdə ağır və iri mebellərdən az istifadə olunur. Futonlar isə yüngüldür, asan daşınır və təbii materialdan hazırlandığı üçün isti havalarda bədəni sərin saxlayır.
Digər mühüm səbəb yaşayış sahələrinin kiçik olmasıdır. Ərazisi Ukraynadan təxminən bir yarım dəfə kiçik olan Yaponiyada 120 milyondan çox insan yaşayır. Əhalinin sıxlığı səbəbindən mənzillər adətən kiçik olur. Futon gündüz yığıldıqdan sonra yataq otağını qonaq otağına və ya iş məkanına çevirmək mümkündür. Bu da yaşayış sahəsindən daha səmərəli istifadə etməyə imkan verir.
Bundan əlavə, döşəmədə yatmağın onurğa üçün faydalı olduğu hesab edilir. Sərt səthdə yatarkən onurğa sütunu daha düz vəziyyətdə qalır və bel nahiyəsinə düşən yük azalır. Bəzi insanlar hesab edir ki, bu vərdiş yaponların uzunömürlü olmasının səbəblərindən biri ola bilər. Məhz buna görə son illərdə başqa ölkələrdə də futondan istifadə edənlərin sayı artır.
Ən başlıca səbəb isə milli ənənələrlə bağlıdır. Futon yapon evində əsrlər boyu gündəlik həyatın ayrılmaz hissəsi olub və bu ənənə bu gün də qorunur.
Bununla belə, müasir Yaponiyada adi çarpayılardan istifadə edənlərin sayı artır. Xüsusilə Qərb üslubunda tikilmiş evlərdə çarpayılar geniş yayılıb. Futonlara daha çox qədim ənənələrə uyğun inşa edilmiş evlərdə və milli üslubu qoruyan "ryokan" adlı ənənəvi otellərdə rast gəlinir.
Samir


