ABŞ-da bir şəxs süni intellekt şirkəti "OpenAI" tərəfindən hazırlanmış "ChatGPT" çat-botunu sağlamlıq vəziyyəti həyati təhlükəli mərhələyə çatmadan əvvəl tibbi yardım almaqdan çəkindirməkdə ittiham edərək şirkəti məhkəməyə verib.
HİT.az xəbər verir ki, məhkəməyə təqdim edilən iddiada "ChatGPT"nin təhlükəsizlik mexanizmlərinin kifayət qədər işləmədiyi və nəticədə şəxsin müalicəni gecikdirdiyi irəli sürülüb.
ABŞ-ın Florida ştatında yaşayan keşiş Skott Uinters "OpenAI" və şirkətin baş direktoru Sem Altmanın əleyhinə Kaliforniya məhkəməsinə müraciət edib.
İddia ərizəsində Altman və şirkət "ChatGPT"nin Uintersə verdiyi tibbi tövsiyələr səbəbindən "icazəsiz həkimlik fəaliyyəti" və səhlənkarlıqda günahlandırılıb.
"The New York Times"ın məlumatına görə, ərizədə bildirilir ki, Uinters 2024-cü ildə səhhəti ilə bağlı suallarını "ChatGPT"yə ünvanlayıb. İlk vaxtlarda çat-bot onu tibbi yardım almağa yönləndirib, lakin zaman keçdikcə bu xəbərdarlıqları dayandıraraq birbaşa məsləhətlər verməyə başlayıb.
İddiaya əsasən, "ChatGPT" Uintersi getdikcə pisləşən sağlamlıq problemlərinin təhlükəli vəziyyətin əlaməti olmadığına inandırıb və onu real tibbi yardıma müraciət etməkdən çəkindirib.
Məhkəmə sənədində qeyd olunur ki, "ChatGPT" tərəfindən lazımi səviyyədə qiymətləndirilməyən ağrılardan sonra Uinters ağciyər emboliyası səbəbindən reanimasiya şöbəsinə yerləşdirilib.
"OpenAI" şirkətinin nümayəndəsi isə açıqlamasında bildirib ki, "ChatGPT"nin istifadə şərtlərində onun xəstəliklərin diaqnostikası və müalicəsi üçün istifadə edilə bilməyəcəyi açıq şəkildə göstərilib. Bununla belə, şirkət sağlamlıqla bağlı suallara verilən cavabların mümkün qədər təhlükəsiz olması üçün çalışmalarını davam etdirdiyini vurğulayıb.
Samir


