Mütəxəssislərin sözlərinə görə, manqustların bir neçə növü dünyanın ən zəhərli və təhlükəli ilanlarını ovlamaq qabiliyyəti ilə seçilir. Onların çevikliyi və ilan zəhərinə qarşı yüksək davamlılığı bu yırtıcılarla mübarizədə üstünlük yaradır.
HİT.az xəbər verir ki, "Discover Wildlife" nəşrinin yazdığına görə, zooloq Stiv Harrisin sözlərinə əsasən, manqustlar sürətli və çevik hərəkət etdikləri üçün ilanların hücumlarından yayınmağı bacarırlar. Bununla yanaşı, onlar ilan zəhərinə qarşı təbii davamlılığa malikdirlər.
Məlumata görə, ilan zəhərinin ən geniş yayılmış komponentlərindən biri olan alfa-neyrotoksin sinir impulslarının əzələ hüceyrələrinə ötürülməsini bloklayaraq qurbanı iflic edir və nəticədə ölümə səbəb ola bilər.
Alimlər bildirirlər ki, manqustların zəhərə davamlılığı asetilxolin reseptorlarında baş verən kiçik genetik dəyişikliklərlə əlaqədardır. Məhz bu reseptorlar sinir siqnallarını əzələlərə ötürür və onların quruluşundakı dəyişiklik zəhərin təsirini zəiflədir.
Mütəxəssislərin sözlərinə görə, ilan tərəfindən dişlənən manqustlar əksər hallarda sağalırlar.
Zəhərli ilanları ovlayan yeganə məməli isə manqust deyil. Bu xüsusiyyəti ilə tanınan digər heyvan bal porsuğudur ("ratel"). O, iri kobralar, gürzələr və dünyanın ən zəhərli ilanlarından sayılan qara mambaları ovlayır.
Bal porsuğunun əsas taktikası ilanın başının arxa hissəsinə hücum etməkdir. Onun qalın dərisi ilan dişlərindən müəyyən qədər qorunmağa kömək edir. Bundan əlavə, manqustlar kimi, bal porsuğu da ilan zəhərinə qarşı yüksək davamlılığa malikdir, baxmayaraq ki, tam immunitetə sahib deyil.
Mütəxəssislər qeyd edirlər ki, Asiya təkcə pələngləri ilə deyil, həm də insanlar üçün təhlükəli olan çoxsaylı yırtıcı heyvan və sürünənlərlə tanınır. Hindistanda zəhərli ilanlar, əqrəblər, şirlər, pələnglər, bəbirlər, ayılar, canavarlar və timsahlar kimi təhlükəli canlılar geniş yayılıb.
Samir


