Lüksemburqda metal detektoru ilə axtarış aparan iki həvəskar Roma imperiyasının son dövrlərinə aid 141 qızıl sikkədən ibarət xəzinə aşkarlayıb.
HİT.az xəbər verir ki, tapıntı 2018-ci ildə ölkənin şimalındakı Holztum yaxınlığında yerləşən Um Rank ərazisində aşkar edilib. İlk mərhələdə 38 qızıl sikkə tapan həvəskarlar 2019-cu ildə bu barədə Milli Arxeoloji Tədqiqatlar İnstitutuna məlumat veriblər.
Bundan sonra ərazidə genişmiqyaslı arxeoloji qazıntılar başlanıb. Tədqiqatlar zamanı qədim Roma istehkamının – burqus adlanan daş gözətçi məntəqəsinin qalıqları da üzə çıxarılıb. 2020-2024-cü illərdə aparılan işlər nəticəsində daha çox sikkə tapılıb və xəzinənin ümumi sayı 141-ə çatıb.
Arxeoloqların araşdırmasına əsasən, sikkələr eramızın 362-402-ci illəri arasında zərb edilib. Onların arasında Roma imperiyasının müxtəlif bölgələrindəki zərbxanalarda hazırlanmış nümunələr və həmin dövrün bir çox imperatorlarının təsvirləri var.
Xüsusilə 17 sikkənin Anadoludakı qədim Nikomediya şəhərində zərb edilməsi alimlərin diqqətini çəkib. Tədqiqatçılar bildirirlər ki, belə böyük sayda Nikomediya sikkəsinin eyni xəzinədə aşkarlanması olduqca nadir haldır. Tapıntılar arasında imperiyanın şərqində mühüm ticarət mərkəzi olan Antakya zərbxanasının məhsulları da var.
Alimlər hesab edirlər ki, sikkələrin bir hissəsi Roma ordusu ilə birlikdə imperiyanın qərb ərazilərinə gəlib. Bununla belə, xəzinənin niyə torpağa basdırıldığı hələ də məlum deyil. Təxminən 395-ci ildə gizlədilən sərvətin həmin dövrdə baş vermiş müharibə və ya böyük siyasi böhranla əlaqəsini təsdiqləyən sübut tapılmayıb.
Arxeoloqlar sahibinin qızılları sonradan geri götürmək niyyətində ola biləcəyini, lakin naməlum səbəbdən buna imkan tapmadığını ehtimal edirlər.
Sikkələrin tərkibi də ayrıca araşdırılır. Bəzi nümunələrdə qalay və gümüş qarışıqlarının əhəmiyyətli miqdarda olduğu müəyyənləşdirilib. Bir sikkənin isə iki metal qatının birləşdirilməsi yolu ilə hazırlandığı ehtimal olunur.
Nadirliyi və yaxşı vəziyyətdə qorunması nəzərə alınaraq, Lüksemburq Mədəniyyət Nazirliyi xəzinəni təxminən 322 min dollara satın alıb. Mütəxəssislər tapıntının gələcək tədqiqinin qızılın Lüksemburqa necə çatdığını və xəzinənin sahibinin kim olduğunu müəyyənləşdirməyə kömək edə biləcəyini düşünürlər.
Samir


