Bu ölkədə turistlər 2028-ci il üçün otel bron edir: Səbəb cəmi 3 dəqiqədir

DÜNYA
18:59 / 27.07.2026
54

Yeni Zelandiyanın Dunedin şəhərində otellər artıq iki il əvvəldən bron edilir. Buna səbəb bölgədə son 850 ildən çox müddətdə ilk dəfə müşahidə olunacaq tam Günəş tutulmasıdır.

Hit.az xəbər verir ki, bu barədə "Digi24" məlumat yayıb.

2028-ci il iyulun 22-də saat 16:17-də Ay Günəşin qarşısından keçərək Yeni Zelandiyanın cənub hissəsinin üzərinə təxminən 100 kilometr enində kölgə zolağı salacaq.

Bu zolağa daxil olan ərazilər – qərbdəki məşhur turizm mərkəzi Kvinstaundan şərqdəki Dunedin şəhərinədək – 2 dəqiqə 51 saniyə ərzində gündüz vaxtı tam qaranlığa qərq olacaq.

Nəşrin yazdığına görə, hadisəyə hələ iki il qalsa da, otellər artıq çoxsaylı rezervasiya sorğuları alırlar. Onlardan biri olan "Dunedin Leisure Lodge" cümə axşamına olan məlumata görə, Günəş tutulmasına həsr olunmuş xüsusi paket üzrə bütün yerlərini satıb. Paketə bu nadir astronomik hadisəni izləmək üçün xüsusi qoruyucu eynəklər də daxildir.

"Tūhura Otago" muzeyinin direktoru və astronom İan Qriffin bildirib:

"Dunedindən görünən son tam Günəş tutulması 1163-cü ildə, insanlar Yeni Zelandiyaya gəlməzdən əvvəl baş verib. Buna görə də biz dünyanın bu hissəsində tam Günəş tutulmasını görəcək ilk insanlar olacağıq. Bu, olduqca həyəcanvericidir."

Bu, həmçinin 1965-ci ildən sonra Yeni Zelandiyanın istənilən nöqtəsindən müşahidə edilə biləcək ilk tam Günəş tutulması olacaq.

Qriffin əlavə edib:

"Əgər hava açıq olsa, həmin üç dəqiqəyə yaxın qaranlıq bunu yaşayan hər kəs üçün tamamilə unudulmaz təcrübə olacaq."

Şəhər rəhbərliyi hesab edir ki, əhalisi təxminən 130 min nəfər olan Dunedinə bu hadisə münasibətilə 35 minə yaxın turist gələcək.

İan Qriffin bu hadisəyə hələ 2013-cü ildən hazırlaşdığını deyib.

"Mən bu evi məhz oradan Günəş tutulmasını izləmək mümkün olduğu üçün almışam", deyə o bildirib.

Bundan əlavə, şəhərdə Maori xalqının "Matariki" adlandırdığı ulduz topasına həsr olunmuş bayramla başlayacaq və tam Günəş tutulması ilə başa çatacaq xüsusi festivalın keçirilməsi planlaşdırılır.

"Bu, həqiqətən də dünyada nadir rast gəlinən hadisədir. Bizdə gecə səmasına həsr olunmuş mədəni bayram keçiriləcək və təxminən on gün sonra möhtəşəm Günəş tutulmasının şahidi olacağıq", deyə Qriffin vurğulayıb.

Dunedin şəhərinin meri Sofi Barker isə bildirib ki, bu astronomik hadisə ilə bağlı həyəcan artıq bütün şəhərdə hiss olunur.

"Bu möhtəşəm hadisə sürətlə yaxınlaşır və artıq üfüqdə görünməyə başlayıb",  deyə mer qeyd edib.

Samir
 

0