ABŞ İsrail Müdafiə Ordusunun (IDF) Qəzza zolağı, Suriya və Livandakı mövqelərindən geri çəkilməsini tələb edir. Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
HİT.az xəbər verir ki, onun sözlərini 13-cü kanal yayıb.
Netanyahunun sözlərinə görə, Vaşinqton İsrail ordusunun bu üç istiqamətdə "bir sıra geri çəkilmələr" həyata keçirməsində maraqlı olduğunu bildirib. Bununla belə, Netanyahu ABŞ administrasiyasının bu tələbinə "müqavimət göstərmək niyyətində olduğunu" açıqlayıb.
İyunda İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail Livan, Suriya ilə sərhəd ərazilərin bir hissəsində və Qəzza zolağının bəzi bölgələrində hərbi nəzarəti saxlamağa davam etmək niyyətindədir.
Netanyahu həmçinin bildirib ki, İsrail Livanın cənubundakı nəzarət etdiyi sərhəd ərazilərindən qoşunlarını çıxarmayacaq. Onun sözlərinə görə, şimal bölgələrində təhlükəsizliyin bərpası üçün təhlükəsizlik zonasını saxlamaq və bu ərazini İsrailin ehtiyaclarına uyğun olduğu müddətcə tərk etməmək lazımdır.
Netanyahu izah edib ki, "təhlükəsizlik zolağı" terrorçularla İsrail vətəndaşları arasında məsafə yaradır və buna görə də təhlükə aradan qaldırılana qədər həmin ərazi qorunmalıdır. O, həmçinin "Hizbullah"la mübarizənin hələ başa çatmadığını qeyd edib.
Samir


