Süd Yolunun xaricində antimaddənin məhv olmasının mümkün əlamətləri tapıldı

DÜNYA
17:38 / 27.07.2026
53

Almaniya və Yaponiyadan olan astrofiziklər "INTEGRAL" qamma teleskopunun 20 illik müşahidə məlumatlarını təhlil edərək Süd Yolundan kənarda antimaddənin – pozitronların annihilyasiyasına dair mümkün izlər aşkar ediblər. Nəticələr təsdiqlənərsə, bu, müşahidə astronomiyası tarixində ilk belə qeydəalma olacaq.

Tiraj.az xəbər verir ki, tədqiqatın nəticələri "Astronomy & Astrophysics" (A&A) elmi jurnalında dərc edilib.

Araşdırmanı Almaniyanın "Yulius Maksimilian" adına Vürsburq Universitetindən Tomas Ziqert və Yaponiyanın Kioto Universitetindən Hiroki Yoneda aparıblar.

Onlar elektronla pozitronun qarşılaşması zamanı yaranan 511 keV enerjili qamma şüalanmasının ən detallı xəritələrini hazırlayıblar. "INTEGRAL" teleskopu 2002–2025-ci illərdə səmanı müşahidə edib və tam məlumat bazasının təhlili zamanı iki gözlənilməz mənbədən zəif siqnallar aşkarlanıb.

Bunlardan biri Süd Yolunun diskinə doğru hərəkət edən yüksək sürətli "Kompleks C" qaz buludu, digəri isə Maqellan Buludlarının arxasında uzanan "Maqellan axını" adlı qaz zolağıdır.

Alimlərin fikrincə, bu bölgələr özləri əhəmiyyətli miqdarda pozitron yaratmır. Bu isə hissəciklərin Süd Yolunu tərk etdikdən sonra qalaktikalararası qaz mühitində annihilyasiyaya uğradığını göstərə bilər.

"Kompleks C"dən alınan siqnalın statistik etibarlılığı 4 sigma səviyyəsinə çatıb. Bu göstərici elmi kəşf üçün qəbul edilən 5 sigma həddinə yaxın olsa da, onu hələ keçmir.

Tomas Ziqert bildirib ki, nəticələr təsdiqlənərsə, bu, qalaktikadan kənarda pozitron annihilyasiyasının ilk müşahidəsi olacaq və Süd Yolunda pozitronların miqdarının indiyədək hesab ediləndən xeyli çox olduğunu göstərəcək.

Tədqiqat müəlliflərinin hesablamalarına görə, Süd Yolu hər saniyə təxminən 10¹⁴ pozitron yarada bilər. Bu, mövcud astrofizik modellərin proqnozlaşdırdığından 2–3 dəfə çoxdur.

Əgər bu nəticələr gələcək müşahidələrlə də təsdiqlənərsə, alimlər hesab edirlər ki, mövcud astrofizik izahlar kifayət etməyəcək və yüngül qaranlıq maddə hissəciklərinin annihilyasiyası kimi alternativ ssenarilərin nəzərdən keçirilməsi lazım gələcək.

Bu hipotezin yoxlanılması üçün NASA-nın 2027-ci ildə orbitə buraxılması planlaşdırılan "COSI" teleskopundan istifadə edilməsi nəzərdə tutulur.

Samir

0